• Təqvim

  • Unutma

  • Maraq



"Səyyar Gənclər Xidməti" layihəsi Qazaxın Birinci və İkinci Şıxlı kəndlərində yaşayan gənclərə xoş anlar bəxş edib


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə ilk olaraq Qazaxdan start götürən "Səyyar Gənclər Xidməti" layihəsi uğurla icra olunur. Qazax, Şəmkir və Biləsuvar rayonları üzrə 16 kəndi və 1600 nəfəri əhatə edən layihə gənclər tərəfindən də böyük maraqla qarşılanır. Qazaxda reallaşan layihə 5 kəndi - Daş Salahlı, Çaylı, İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərini əhatə edir. 

Layihə çərçivəsində növbəti səfərlər Qazax rayonunun Birinciİkinci Şıxlı kəndlərinə olub. M.Həsənov adına Birinci Şıxlı və V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəblərində həyata keçirilən layihə çərçivəsində gənclərə unudulmaz anlar bəxş edilib.

Tədbirlərdə çıxış edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov əvvəlcə "Səyyar Gənclər Xidməti" layihəsi, eləcə də layihənin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Sonra Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi layihələrdən, dövlətin, ölkə rəhbərinin gənclər üçün yaratdığı şəraitdən, gənclərə olan diqqət və qayğıdan söz açıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova  da layihənin əhəmiyyətini qeyd edərək bu cür layihələri yüksək qiymətləndirib. Tədbirlərdə K.Cəfərova tərəfindən gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya da keçirilib. Həmçinin "bullinq”, qız övladlarının psixoloji tərbiyəsi mövzusunda da fikirlər çatdırılıb.

Layihənin məqsədinə uyğun olaraq Qazax rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev və xəstəxananın pediatrı Sevil Məmmədova tərəfindən isə gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyası təşkil olunub. Birinci Şıxlı kəndində baş tutan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin təlimçiləri tərəfindən də ilk yardım mövzusunda təlimlər keçirilib.

Hər iki görüşdə gənc təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib.

Daha sonra "Səyyar Gənclər Xidməti" layihəsinin əyləncəli hissəsinə start verilib. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub. Onu da qeyd edək ki, hər bir görüşdə 100-dən çox gənc layihədə maraqla iştirak edib.

Birinci Şıxlı kəndində olan tədbirdən...

















 

İkinci Şıxlı kəndində olan tədbirdən...









 

GOYEZEN.AZ



Facebook-da paylaş