“Erkən nikahlar və onların ağır fəsadlarının qarşısının alınması" mövzusunda maarifləndirici görüş keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti və Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Saqif Nəsirov adına
Ürkməzli kənd tam orta məktəbində "Erkən nikahlar və onların ağır
fəsadlarının qarşısının alınması" mövzusunda maarifləndirici görüş
keçirilib. Tədbirdə əsasən, Ürkməzli və Dəmirçilər kəndlərindən
olan müəllimlər, ziyalılar və valideynlər iştirak edib.
Gənclərin İnkişaf
və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov giriş sözü ilə çıxış edərək keçirilən
tədbirin məqsəd və əhəmiyyətindən danışıb. İ.Süleymanov bildirib ki, ailə
qurmaq kişi ilə qadının müvafiq icra hakimiyyəti orqanında qeydə alınan könüllü
ittifaqıdır. Bağlanan nikahların daha sağlam və möhkəm olması məqsədilə ailələr
daim dövlət qayğısı ilə əhatə edilir. Yaş həddinin müəyyən edilməsi, nikahdan əvvəl
tibbi müayinənin zəruriliyi və digər tədbirlər məhz bu qayğının nümunələridir.
Lakin təəssüflər olsun ki, bəzən gənclərin düşünmədən atdığı addımlar, gənclər
arasında könüllü ittifaqa valideyn müdaxiləsi, xüsusilə azyaşlıların ailə
qurmağa məcbur edilmələri çox acı nəticələrə gətirib çıxarır. O, Aşağı Salahlı kəndindən start götürən bu
cür maarifləndirici tədbirlərin gənclərin bu sahə ilə bağlı
maarifləndirilməsində, "Erkən nikahlar və onların ağır fəsadlarının
qarşısının alınması" sahəsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakmiyyəti başçısı
aparatının aparıcı məsləhətçisi Bahadur İbrahimov mövzu ətrafında çıxış edərək bildirib ki, son
dövrlər aparılan təhlillər göstərir ki, boşanmaların mütləq əksəriyyəti erkən,
hazırlıqsız ailə həyatı qurulması ilə bağlıdır. Burada valideynlərin üzərinə
böyük məsuliyyət düşür. Son illər erkən nikaha girmək istəyənlərin sayı da
artmaqdadır. Təəssüf doğuran odur ki, erkən yaşda ailə həyatı qurmaq çox halda
valideynin arzusu, daha dəqiq desək, tələbi ilə həyata keçirilir. B.İbrahimov
İcra Hakimiyyəti olaraq bu cür halların baş verməməsi üçün məqsədyönlü tədbirlər
görüldüyünü, istər şəhər, istərsə də kənd sakinləri arasında bu cür görüşlərin
mütəmadi olaraq keçirildiyini vurğulayıb.RİHB aparatında Yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın bu sahəni
daim nəzarətdə saxladığını diqqətə çatdırıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev də mövzu ilə bağlı fikirlərini bölüşüb. Natiq çıxışı zamanı qeyd
edib ki, erkən yaşlı uşaqlar ailə qurmağa istər fizioloji,
istərsə də psixoloji cəhətdən hazır olmurlar. Anaya ehtiyacı olan qızlar erkən
yaşda ana olur və ailə həyatının ağırlığına tab gətirə bilmirlər. Ona görə də
boşanmaların əksəriyyəti belə ailələrdə baş verir. Unutmaq olmaz ki, bu gün
tibbi müayinədən keçmədən qurulan ailələrdə də sonradan problemlər yaşanır və
bu da ailənin dağılmasına səbəb olur. O, erkən nikahlara qarşı mübarizə tədbirləri
olaraq təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində
davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin
vacibliyini bildirib.
Qazax RİHB-nin Dəmirçilər kənd İnzibati
Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova, Ürkməzli kənd tam orta məktəbin
müəllimi Gülnar Osmanova bu mövzuda maarifləndirici görüşlərin keçirilməsini
yüksək qiymətləndirib, tədbirin təşkilinə görə kənd sakinləri adından təşkilatçılara
minnətdarlıqlarını bildiriblər. Bu cür görüşlərin tez-tez keçirilməsinin tərəfdarı
olduğunu, yeni tədris ili başladıqdan sonra şagirdlər və valideynlərlə də bu
mövzuda söhbətlərin aparılmasını, görüşlərin təşkil olunmasını xahiş ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş