• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "Gənc könüllü”lər Aprel şəhidi baş leytenant Elvin Namazovun xatirəsini doğum günündə yad ediblər


Azərbaycanın hərb tarixində 4 günlük müharibə və ya Aprel döyüşləri kimi xatırlanan  şanlı tarixi qələbəmizin qazanılmasında Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da göstərdikləri igidliklərlə adlarını şəhidlik adı zirvəyə yazdırıblar.

Bu gün 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elvin Məmməd oğlu Namazovun doğum günüdür.

Həmişə olduğu kimi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər"i öz ənənələrinə sadiq qalaraq Yuxarı Salahlı kənd qəbiristanlığında şəhidin məzarını və ailəsini ziyarət ediblər. Şəhidin məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər. Baş leytenant Elvin Namazov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək götürdüklərini bildirən gənclər bu cür ziyarətlərin mütəmadi olaraq təşkil olunacağını qeyd ediblər. Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində başa vurmuşdur. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kurs keçdikdən sonra, 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə ona baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulub boya-başa çatdığı Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.





 

GOYEZEN.AZ



Facebook-da paylaş