• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "Gənc könüllü”lər Aprel şəhidi kapitan Mühüd Orucovun xatirəsini doğum günündə yad ediblər

Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizin qazanılmasında Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da öz qəhrəmanlıqları ilə adlarını şəhidlik adı zirvəyə yazdılar.

Bu gün həmin şəhidlərimizdən kapitan Orucov Mühüd Qurban oğlunun doğum günüdür. Bununla əlaqədar Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc könüllü”lər şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, ailəsi ilə görüşüb igid Vətən oğlunun xatirəsini yad ediblər.

İlk olaraq könüllülər Fərəhli kənd qəbiristanlığında şəhidin məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər. Daha sonra ailəsi ilə görüşüblər. Mühüd Orucovun həyatı, döyüş yolu haqqında söylənilən dəyərli xatirələri dinləyiblər.

Kapitanın ailəsi ilə səmimi söhbət edən gənclər Mühüd Orucov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək götürdüklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.

Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır.

Doğulduğu Fərəhli kəndində dəfn olunmuşdur.  

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kənd qəbiristanlığının girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.






 

GOYEZEN.AZ



Facebook-da paylaş