• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclər Mərkəzinin bir qrup könüllüsü #trashtag aksiyasına qoşulub


Hər zaman ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirən İDEA İctimai Birliyi öz yenilikləri daim seçilir. Birliyin insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək və təbiətin qorunmasında onların böyük rolunu nümayiş etmək məqsədilə start verdiyi yeni müsabiqə də bu dediklərimizin əyani sübutudur. Sözügedən müsabiqə bütün dünya üzrə təbiətsevər könüllülərin başladığı #Trashtag aksiyası üzrə elan edilib.

Onu da qeyd edək ki, #Trashtag aksiyası hazırda bütün dünyada gənclər arasında trendə çevrilib. Aksiya çərçivəsində tullantılarla çirklənmiş ərazilər təbiətsevər individuallar və ya qruplar tərəfindən təmizlənir və onlar tərəfindən sosial şəbəkələrdəki (instagram və facebook) səhifələrində #Trashtag heşteqi altında "əvvəl-sonra” konsepsiyalı fotohesabatlar paylaşılır. Ekoloji əhəmiyyətini nəzərə alaraq IDEA İctimai Birliyi gənclərin böyük marağına səbəb olan aksiyanı ölkəmizdə də təbliğ və təşviq etməklə ətraf mühit naminə gücləri birləşdirməyi hədəfləyir.

İDEA İB-nin ətraf mühitlə bağlı maarifləndirməni artırmaq məqsədilə elan etdiyi #Trashtag müsabiqəsinin şərtləri olduqca sadədir. Belə ki, müsabiqəyə qoşulanlar, ilk növbədə, tullantılarla çirklənmiş ərazi (parklar, sahillər, meşələr, yollar, müxtəlif sahələr) tapmalı, ərazinin "əvvəl" konsepsiyalı fotoşəklini çəkməli, orada tək və ya qrup şəklində təmizlik etməli və sonda tullantılardan tamamilə təmizlənmiş ərazinin "sonra" konsepsiyalı fotoşəklini çəkməlidir. Daha sonra iştirakçılar təmizlənən ərazinin "əvvəl-sonra" fotoşəkillərini info@ideacampaign.org emailinə göndərməli və aşağıdakı heşteqlərlə sosial şəbəkələrdəki səhifələrində paylaşmalıdır: #Trashtag, #TrashtagAzerbaijan, #TrashChallenge

Qeyd edək ki, IDEA İctimai Birliyi tərəfindən martın 27-də start verilən müsabiqəyə artıq bir neçə təbiətsevər qoşularaq öz işlərini təqdim edib.

Bu gün Qazax Gənclər Mərkəzinin bir qrup könüllüsü də #trashtag aksiyasına qoşulub.

İDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən bu aksiya respublikamızın bir çox şəhər və rayonlarında olduğu kimi, qazaxlı gənclər tərəfindən rəğbətlə qarşılanıb.

Gənclər aksiya çərçivəsində Qazax rayonun Ağköynək kəndindəki böyük bir ərazini tullantılardan təmizləyib. Yığılan 20 kisəyə yaxın tullantı zibil poliqonuna təhvil verilib.

Aksiya iştirakçıları bu cür müsabiqənin təşkil olunmasını yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu müsabiqə biz gənclərə ölkəmizin əsrarəngiz təbiətinə sevgimizi göstərməyimizdə əsl vasitə rolunu oynayır. Gənclər bu cür layihələrin həyata keçirilməsinə görə birliyin və fondun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, İDEA İctimai Birliyi ən yaxşı 5 nəticəni nümayiş edən iştirakçıları möhtəşəm hədiyyələrlə mükafatlandıracaq. Müsabiqənin bitmə tarixi: 2019-cu il aprelin 27-dir.

Siz də qoşulun və bu kampaniyanın Azərbaycanda da yayılmasına dəstək olun.









GOYEZEN.AZ



Facebook-da paylaş