Qazaxda Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Lələtəpə zirvəsi” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
2016-cı ilin aprelinin ilk
günləri bizlərə çox şey deyir. Həmin günlər Azərbaycan Ordusunun təxribat törədən,
dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi
xatırlanır. Həmin tarix ki, Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə
barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin
daim döyüşə hazır olduğunu göstərdi. Bu tarix Aprel zəfəri adı altında bütün
dünyaya sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən Böyük Qələbəni
də qazanmağa qadirdi. Bəli, Aprel zəfərindən çox şey danışmaq olar. Çünki
bu zəfər bizə dövlətimizin, ordumuzun gücünü sübut etməklə yanaşı, düşmənin bir
həmlədə necə xar olduğunu da göstərdi. Artıq hər bir Azərbaycan əsgəri, igid və
mərd oğulları dəqiq bilir ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bir
əmri ilə düşməni necə məhv edə bilər. Bu fikirlər Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi və rayon
Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü
ildönümünə həsr olunmuş "Lələtəpə zirvəsi” başlığı altında keçirilən hərbi
vətənpərvərlik tədbirində səsləndirilib. Gənclər və İdman İdarəsinin 2019-cu ilin birinci yarımilliyi üçün təsdiqlənmiş
tədbirlər planına əsasən təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin
məsul işçiləri, rayon şöbəsinin və idarəsinin əməkdaşları, rayonun ali və orta
ixtisas müəssisələrində təhsil alan tələbələr, fəal gənclər və KİV nümayəndələri
iştirak ediblər. Tədbirdə
Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından
keçən bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman
Rəhimov çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
O, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı hər an azad edə
biləcəyini, bunun üçün hərbi qüdrətə və ən müasir silahlara malik olduğunu
diqqətə çatdırıb. Qeyd edib ki, Aprel döyüşləri bunu bir daha sübut etdi. Həmin
şanlı zəfərdən 3 il ötməsinə baxmayaraq bütün dünya dövlətləri ordumuzun
qüdrətindən, əsgərlərimizin döyüş əzmindən, vətənpərvərlik hissindən bu gün də
danışır. Düşmən isə döyüş zamanı vahiməyə düşdüyü kimi bu gün də o qorxu
hissini yaşayır. Çünki yaxşı bilir ki, Azərbaycan Ordusu hər an düşmən
mövqelərini məhv etməyə hazır və qadirdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev çıxışı zamanı bildirib ki, ölkəmizin hərbi qüdrətinin yüksəlməsi
Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad
etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi
heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət hərbi xidmətə gedəcək
gənclərdə də böyük ruh yüksəkliyi yaradır. Aprel döyüşlərindən söz açan idarə
rəisi həmin döyüşlər zamanı Qazaxın igid oğullarından kapitan Mühüd Orucovun,
baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin də qəhrəmancasına şəhid
olduqlarını qeyd edib. Bu gün həmin igid Vətən oğullarının keçdikləri döyüş
yolunun bütün gənclərimizə bir örnək olduğunu diqqətə çatdırıb. Gəncləri bu cür
vətənpərvər oğulların döyüş yolundan nümunə götürməyə çağırıb.
Tədbirdə iştirak edən Qazax RİHB Aparatında ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd
Orucov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan
uğurlardan danışıb, gənclərə Vətənin layiqli övladları olmağı, torpaqlarımızın ərazi
bütövlüyü, müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışmalarını
arzulayıb. Bütün sahələrdə Azərbaycanın necə bir gənclərə sahib olmalarını
nümayiş etdirmələrini tövsiyə edib. SHXÇDX-nin Qazax rayon
şöbəsinin leytenantı Fərahim Qəribov, "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax rayon şöbəsinin sədr müavini, I
qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, rayon
Təhsil şöbəsinin metodisti Orxan Əliyev, kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin
direktoru Gülanə Hüseynova, gənclərdən Azərbaycan Rəssamlar İttifaqının üzvü,
gənc rəssam Akif Əmirov, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin tələbələri
Elşad Carçıyev və Cavid Nağızadə Aprel döyüşlərində
qazanılan qələbədən danışaraq bildiriblər ki, bu qələbə ermənilərə ordumuzun
gücünü, qüdrətini hiss etdirdi. Azərbaycan Ordusu müdrik və qətiyyətli
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə layiqli qələbə
qazandı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2 min
hektardan çox ərazisi azad edildi, minlərlə hektar torpaq ordumuzun nəzarətinə
keçdi. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birlik və həmrəyliyini
bir daha nümayiş etdirdi. Çıxış edənlər qeyd
ediblər ki, bu gün bizlər rahat şəkildə yaşayırıqsa, azad və firəvan bir ölkənin
vətəndaşıyıqsa, bu, igid oğullar sayəsində mümkün olmuşdur. Biz bu azadlığımızı
ən ali zirvəyə - şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə borcluyuq və hər
zaman onlarla qürur duyuruq. Çıxışlar zamanı vurğulanıb
ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda
Vətənə, torpağa, sevgi hislərinin aşılanması istiqamətində mühüm əhəmiyyət
daşıyır.
GOYEZEN.AZ
Facebook-da paylaş