Əsas Səhifə > Ədəbiyyat > AYB-nin Qazax zona filialında 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

AYB-nin Qazax zona filialında 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib


18-01-2020, 23:10


Xalqımızın yaddaşına müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda qürur mənbəyi kimi yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialında da 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.     

Filialın üzvü olan şairlər əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında memorial önünə qərənfillər düzüb, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

 


Sonra tədbir Ədəbiyyat Muzeyində davam edib. Filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu çıxış edərək Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini bir daha xatırladıb. 20 Yanvarın Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsi olduğunu qeyd edib. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımızın Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynadıqlarını bildirib. 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Daha sonra filialın üzvü olan şairlər 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlərini səsləndirib, öz ürək sözlərini çatdırıblar.



 

GOYEZEN.AZ


Geri qayıt