Əsas Səhifə > Ədəbiyyat > Fenomen şəxsiyyət

Fenomen şəxsiyyət


17-05-2019, 19:21


Dünya şöhrətli alim A.Eynşteyndən soruşanda ki, "İntellekt” nədir? O, belə cavab verir:

- "Arximed dövrünün insanları üçün kim idisə, elə intellekt də odur”.

Məndən soruşsalar ki, şəxsiyyət nədir? Mən də ona Eynşteynsayağı cavab verərdim:

"Cəmiyyətimizdə İsmayıl Şıxlı öz dövrünün insanları üçün kim idisə, elə fenomen şəxsiyyət də odur”.

O, xalqımızın ən qədim adət-ənənələrinə sadiq, onu yaşadan, mədəni və mənəvi dəyərlərini özündə ehtiva edən, Azərbaycan xalqı üçün təkrarsız və möhtəşəm şəxsiyyət idi, sözün əsl mənasında şəxsiyyətin nümunəsi, şəxsiyyətin ölçüsü idi.

Heç də təsadüfi deyildir ki, İsmayıl Şıxlının demək olar ki, bütün əsərlərinin baş qəhrəmanları elə şəxsiyyət nümunələridir.

Mən İsmayıl müəllimi Azərbaycan Dövlət Pedaqoji İnstitutda birgə işlədiyim dövrlərdən tanıyırdım. O, "Xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışırdı. Mənə elə gəlirdi ki, İsmayıl müəllimin fenomen şəxsiyyət olmasının başlıca sirri, onun qoşa qanad təşkil edən müəllimliyi ilə yazar qabiliyyətinin vəhdət təşkil etməsində idi. O, böyük təfəkkürə malik, çox səmimi, qayğıkeş, insanlığa bağlı bir insan idi. Onun böyük müəllim olmasının da əsas sirri bunda idi. Bu sahədə onun fəaliyyəti haqqında danışmaq istəyirəm.

İsmayıl müəllim ömründə cəmi bir dəfə qəbul imtahanında iştirak edib və 130-dan çox məktəb məzunlarından imtahan qəbul etmişdir. Sonra araşdırmalar göstərdi ki, İsmayıl müəllimin xeyir-duası ilə vəsiqə almış bu tələbələrin hamısı elm fədaisi olmuş, hamısı elmlər namizədi və doktoru olmuş, respublikamız üçün qiymətli kadr potensialına çevrilmişdilər. Budur həqiqi müəllim, alim və güclü şəxsiyyət. Tələbələr və müəllimlər İsmayıl müəllimi hər şeydən əvvəl tələbkar alim, qayğıkeş bir insan kimi tanıyır və sevirdilər.

İnstitutun elmi şurasında, elm və elmi pedaqoji məclislərdə onun çıxışları, mühazirələri hədsiz maraqla qarşılanırdı. Hətta, digər fakültələrin tələbələri də onun mühazirələrinə gəlib, onu dinləyirdilər. O, sözün əsl mənasında natiq idi. Onun ümumiləşdirmələri şəxsiyyət, bütövlük, sadəlik modeli yaradırdı. Çünki, özü bu təbiətə malik alim idi. İsmayıl Şıxlını 1934-cü ildə Qazax seminariyasına (pedaqoji məktəbinə) çəkib gətirən də onun müəllimlik sənətinə vurğunluğu olmuşdur. O, oranı bitirdikdən sonra Qazax rayonunun Kosalar kəndindəki orta məktəbdə müəllimlik edir və 1937-ci ildə Bakıya gələrək, Lenin adına APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil olur.

Onun qəlbində bir tərəfdən şeirə, ədəbiyyata olan hədsiz maraq, digər tərəfdən isə müəllimliyə sonsuz məhəbbət kök salmışdır. İsmayıl Şıxlı həm də müəllim ailəsində böyümüşdü. Bu peşəyə məhəbbət də oradan qaynaqlanırdı. O, bu peşəyə müqəddəs bir peşə kimi baxırdı. Bu da təsadüfi deyil ki, İsmayıl müəllim özünün "Dəli Kür” romanında Qori Müəllimlər Seminariyasına xüsusi yer verərək, onun kadr hazırlığına diqqət ayırmış, bu seminariyanın xalqımıza çox istedadlı müəllimlər və mədəniyyət xadimləri verdiyini vurğulamışdır.

...Bir gün instituta xəbər yayıldı ki, İsmayıl Şıxlı dövlətimizin ona təklif etdiyi mənzildən imtina etmişdir. O, demişdir: "Ölkəmizdə bu qədər qaçqın və köçkün olduğu bir zamanda belə yeni mənzildə yaşamaq bizə yaraşmaz. İlk növbədə qaçqınları yeni mənzillərlə təmin etmək lazımdır”.

Həqiqətən onun mənzilə ehtiyacı var idi. İsmayıl müəllimin oğlu Elçin Şıxlı da bu yolu tutmuşdur. Belə ki, dövlətin təklif etdiyi mənzili həmin məqsədlə qəbul etməmiş və atası ilə bir yerdə yaşmağa üstünlük vermişdir.

İsmayıl müəllimin humanistliyi, qayğıkeşliyi, prinsipiallığı onun fəaliyyətində qırmızı xətt təşkil edirdi. İsmayıl müəllim yazıçıların qurultayında iştirak edərkən S.Vurğunun "Azərbaycan”, S.Rüstəmin  "Qaçaq Nəbi” şeirlərini əzbərdən elə bir tərzdə söyləmişdir ki, bütün qurultay iştirakçıları ona heyran qalmışdır. Qurultayın iştirakçıları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, ulu öndər Heydər Əliyev də bu çıxışa heyranlığını gizlətməmişdir və yanında əyləşmiş mərkəzi komitənin ideologiya üzrə katibi Danil Quliyevə demişdir ki, İsmayıl Şıxlı çox nüfuzlu şəxsiyyətdir. O, təhsil  ocaqlarından birinə rəhbərlik etməyə layiqdir (Danil Quliyevin özünün danışığından).

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Firidun bəy Köçərli tərəfindən Qazaxa köçürülmüş və pedaqoji texnikuma çevrilərək fəaliyyətini yüksək səviyyədə davam etdirmişdir. İsmayıl Şıxlı bu Pedaqoji Texnikumda təhsil almış və ömrünün axırına kimi oranın nizam-intizamını və sevimli müəllimlərini hörmətlə xatırlamışdır. Bir qayda olaraq o, bu müəllimlərdən fizika müəllimi Abdulla Babanlını, riyaziyyat müəllimi Yunis Eyyubovu, tarix müəllimi Əli Əliyevi nümunə göstərərək, müəllimləri fənnini mükəmməl bilməyə, tələbələri ədalətlə qiymətləndirməyə, sadə və səmimi olmağa çağırırdı. İsmayıl Şıxlı "Mənim tərbiyəçilərim” adlı məqaləsində yazırdı: "Biz başa düşdük ki, müəllimin sevilməsi üçün əsas şərtlərdən biri onun öz fənnini gözəl bilməsidir”.


İsmayıl müəllim APİ-də oxuyarkən ona dərs demiş Əli Sultanlını ilk mühazirələrindən sevmiş, onda Qərbi Avropa ədəbiyyatına hədsiz böyük maraq aşılamışdır. Obrazlı desək, Əli Sultanlı olmaq istəyi onu İsmayıl Şıxlı etmişdir. O, vaxtilə özü Əli Sultanlının növbəti mühazirələrini necə səbirsizliklə gözləyirdisə, sonradan tələbələr İsmayıl Şıxlının mühazirələrini həmin səbirsiliklə gözləyirdilər. İsmayıl müəllim də Qərb ədəbiyyatından mühazirələr oxuyurdu.

Pedaqoji institutda "Xarici ölkələr ədəbiyyatı” kafedrası məhz İsmayıl Şıxlıya görə açılmış, onun rəhbərlik etdiyi bu kafedraya çox istedadlı müəllimlər toplanmışdır. İsmayıl Şıxlı rəhbərlik etdiyi kafedraya səmimiyyət, ünsiyyət, hörmət və ehtiram, bir-birinin qədrini bilmək və s. keyfiyyətlər gətirmişdir.

İsmayıl müəllimin tələbələri də İsmayıl Şıxlı olmaq istəmişlər. İsmayıl Şıxlı vaxtilə Əli Sultanlı məktəbini, İsmayıl Şıxlının tələbələri isə İsmayıl Şıxlı məktəbini keçmişlər.

İsmayıl müəllimin dərs dediyi fəndən tələbələrin böyük əksəriyyəti həmişə əla qiymətlər almışdır. Bunun əsas iki səbəbi vardır. O, bir tərəfdən fənnini tələbələrə sevdirməyi bacarmış, digər tərəfdən tələbələr həmişə İsmayıl müəllimə olan dərin hörmət və ehtiramını yaxşı oxumaqla doğrultmuşlar. Tələbələri onun fənnini oxumamağı özlərinə böyük qəbahət hesab etmişlər.

İsmayıl Şıxlı şəxsiyyətini dəyərləndirən bir cəhət də onun hədsiz dərəcədə humanist bir insan olması idi. O, öz müəllimlik fəaliyyətində rəsmiləşməmiş, ancaq həmkarlarının və tələbələrinin yaddaşında yaşayan, bütün zamanlarda örnək olacaq bir təqaüd də təsis etmişdir. Həmin təqaüd "İsmayıl Şıxlı” təqaüdü olmuşdur. Bu təqaüdü İsmayıl Şıxlı öz halal əmək haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə vermişdir. Özü də elə bir üsulla vermişdir ki, onu alan tələbələr çox-çox sonralar başa düşmüşlər ki, bu aldıqları təqaüd heç bir yerdə rəsmiləşməmişdir. Deyilənlərə görə, müəllim həmkarlarının və tələbələrin sevimlisi olan İsmayıl Şıxlı "Qızıl İsmayıl” adını qazanmışdır. Bu qızıllıq, mənə görə onun fenomen şəxsiyyətinə dəlalət edir.

İsmayıl Şıxlı xarici ölkələr ədəbiyyatına aid Azərbaycan dilində heç bir mənbənin olmadığı bir zamanda tələbələrə geniş mühazirə mətnlərini verməklə əlindən gələni əsirgəməmişdir. O vaxt xarici ölkələr ədəbiyyatından mühazirə oxuyan zaman Əli Sultanlının mühazirələrindən başqa, istinad olunacaq digər mənbə olmamışdır. Ona görə də bu boşluğu aradan qaldırmaq üçün o, 1970-ci ildə "XVIII əsr xarici ədəbiyyat tarixi” adlı dərs vəsaitini həmmüəlliflərlə birlikdə çap etdirmişdir. XVIII əsr maarifçilərinin ictimai və iqtisadi məsələrin həllində bərabərlik və azadlıq ideyalarını təbliğ etmələri onların dünyagörüşündə mühüm yer tuturdu. XVIII əsr xarici ədəbiyyatlarda mövcud olan bəzi məqamlar tələbələrin anlaya biləcəyi səviyyədə, anlaşıqlı dildə, aydın bir üslubda İsmayıl müəllimin hazırladığı dərs vəsaitində öz əksini tapmışdır. Tələbələrin xarici ölkələr ədəbiyyatına olan tələbatını ödəmək üçün 1974-cü ildə "XX əsr xarici ədəbiyyat tarixi” adlı kitabı yazmaqla İsmayıl Şıxlı çox çətin işin öhdəsindən uğurla gəldi. Bu kitabda fransız, alman, ingilis, Amerika və Skandinaviya ölkələri ədəbiyyatı (Norveç, İsveç, Danimarka) özünəməxsus yer tutdu.

İsmayıl Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi”ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirməklə, XVIII, XIX və XX əsr xarici ölkələr ədəbiyyatı ilə bağlı zəngin materialları öz tələbələrinin stolüstü kitabına çevirə bilmişdir. Bununla da o, XVIII-XX əsrlər xarici ölkələr ədəbiyyatı ilə bağlı olan boşluğu doldura bilmişdir.

İsmayıl Şıxlı təriflərdən, yalançı şöhrətlərdən uzaq adam olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda İsmayıl Şıxlının 60 illik, Dram teatrında 70 illik yubileyləri keçirilərkən ədəbiyyatşünas, tənqidçi, professor Qulu Xəlilov gözəl demişdir: "Bizim çoxumuz, ali məktəb müəllimləri zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”.

İndi biz onun 100 illik yubileyini qeyd edirik. O, fiziki cəhətdən aramızda olmasa da ruhən, mənən bizimlədir. 100 rəqəmi İsmayıl Şıxlının özü kimi bütövlük rəmzidir. Ona rəhmət diləyərək deyirik:

Şəxsiyyət nümunəsi ey böyük insan,

Heyranıq vüqarına, kamilliyinə.

Şəxsiyyətin nur saçır, yanan günəş tək,

Heyranıq sənin gücünə, aliliyinə.

Mirzəli MURQUZOV,

professor

28 aprel 2019-cu il.


Geri qayıt