• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş ədib


Qüdrətli qələm sahibi, vətəndaş ədib İsmayıl Şıxlı ilə bir neçə dəfə görüşmüşəm. Hər görüşümüzdə onun yeni bir keyfiyyətini öyrənmişəm. Əsl kişilərə xas olan mənlikli insan, sənətinə xilaf çıxmayan ədib... İsmayıl Şıxlını nadir bir qələm sahibi kimi tanısam da, şəxsi tanışlığım yox idi… 1961-ci ilin əvvəllərində mən Hacı Zeynalabdin Tağıyevin evində Tarix İnstitutunun kitabxana və arxivinin müdiri işləyirdim. Bir gün telefon zəng çaldı.

- Eşidirəm! - dedim.

- Mənə Qara Namazov lazımdır.

- Buyurun, mənəm!

- Qara müəllim, Sizi narahat edən İsmayıl Şıxlıdır. Sizin "Bakı" qəzetində "Naməlum roman" adlı məqaləniz çap olunub. Orda bir qazaxlı Əhməd obrazı var. Mən də "Dəli Kür" adlı roman yazıram. Məndə də qazaxlı rus Əhməd obrazı var. Birdən düşünürəm, eyni adam olar bu Əhmədlər. Deyərlər mən o romandan istifadə eləmişəm. Bəlkə, o romanı verəsiniz oxuyam.

- İsmayıl müəllim, roman oxunmaq üçündür. "Qaçaq" adlı bu roman "Zakafkazskiy vestnik" jurnalının 1902-ci nömrələrində çap olunub. Uşaq göndərin, aparsın.

- Qara müəllim, indi özüm gəlirəm - deyib telefonu kəsdi.

İsmayıl Şıxlını əsərlərindən yaxşı tanıyırdım. Şirin, dadlı-duzlu yazısı ilə oxucuların sevimlisi olmuşdu... Yarım saatdan sonra gəldi. İlk dəfə İsmayıl Şıxlı ilə görüşüb, işlədiyim otaqda çay içdik, söhbət elədik. "Qaçaq" romanını apardı oxumağa. Bir neçə gündən sonra qaytarıb gətirdi və dedi:

- Bu romandakı Əhməd başqa Əhməddir. Roman da çox maraqlı romandır. Tərcümə elə, çapına kömək edərik.

İsmayıl Şıxlı ilə tanışlığımız belə başladı. Mən arabir Yazıçılar İttifaqına yolum düşəndə dönüb, kefini soruşurdum. Məni qapıda görən kimi, "Ay Qara müəllim, gəl görüm, sən maraqlı şeylər tapırsan. Bu yaxınlarda Şamaxı zəlzələsi haqqında tərcümə etdiyin "Səlimə" poemasını oxudum. Çox yaxşı tapıntıdır. Yaxşı da tərcümə eləyibsən. Sən istedadlı şair imişsən, niyə gizlənibsən?

-”İsmayıl müəllim, həm müəllimlik, həm dissertasiya işi, elmi işlər, ailə qayğıları ardıcıl yazmağa imkan vermir, - deyə sualına cavab verdim. - İndi ali məktəblər üçün yazdığım uşaq ədəbiyyatı tarixini rus dilinə çevirtdirirəm, 25 çap vərəqidir. Tərcüməçi hər çap vərəqinə 120 manat istəyir. Mən də ödəyə bilmirəm. Kitab "Gənclik" nəşriyyatının planındadır. İsmayıl müəllim bir anlıq fikrə gedib, qarşıma bir ağ vərəq, bir də bir qələm qoyub dedi:

- Mənim adıma bir ərizə yaz. Yaz ki, Azərbaycan dilində çıxmış monoqrafiyam rus dilində nəşriyyatın planındadır. Tərcümə haqqına kömək etmənizi xahiş edirəm. Həcmini də yaz. Ərizəni yazdım. İsmayıl müəllim, oxuyub yuxarısına dərkənar qoydu: "Tərcümə haqqı ədəbiyyat fondunun hesabına ödənilsin". Qol, çəkib mənə verdi, dedi: "Apar bu ərizəni dördüncü mərtəbədə "Ədəbiyyat fondu" otağında Adil müəllimə ver. Tərcüməçi hissə-hissə tərcümə elədikcə bir nüsxəsini fonda versin, haqqını alsın". Belə də elədik. Kitab tərcümə olundu. 90-cı illərin hadisələri, mənim qəzaya uğramağım tərcümənin çapını dayandırdı. İsmayıl Şıxlı bu burulğanın içində, qaynar siyasi mübarizələrdə xalqın müdafiəsinə qalxdı. Qazaxa üz tutdu, camaatı köçməyə qoymadı.

İsmayıl Şıxlı daxili və xarici görkəmi, davranışı, danışıq mədəniyyəti ilə kişilik rəmzi idi.  Yazısında da heç kəsə bənzəmədi. Özünə bənzədi. Təkcə "Dəli Kür" onun qüdrətli qələm sahibi kimi ədəbi yaşamaq pasportu idi.

Bir dəfə görüşümüzdə "Dəli Kür" romanından söhbət saldım:

- İsmayıl müəllim, romandakı hadisələr kinoda çox ixtisar olunub. Cahandar ağanın ölümü də başqa cür verilib.

- Əslində, "Dəli Kür" kinosu iki seriyalı idi, Moskva qayçıladı. Onlara toxunan yerləri ixtisar elədi.

- Yenə də kino maraqla qarşılandı.

1968-ci ildə mərhum şairimiz Hüseyn Ariflə Tovuz-Qazax rayonlarına gedib, aşıqların yerli birliyini yaratdı. İyulun son günləri idi. Aşıq Əkbər məni Tovuzdan axşam üstü qatarla Bakıya yola saldı. Gördüm vaqonda bir neçə yazıçı da var. İsmayıl müəllim də burda idi. Səməd Vurğunun ev-muzeyindən gəlirlər. İsmayıl müəllimi qaldığım kupeyə dəvət elədim. Aşıq Əkbər yoluma yuxaya bükülmüş xeyli kabab, bir neçə də çex pivəsi qoymuşdu.

Süfrəni açdım. İsmayıl müəllim gülümsünüb:

- Hə, bu istidə pivə yerinə düşdü.

O gecə doyunca söhbət elədik. Söhbətimiz ədəbiyyatdan, şeirdən, sənətdən, Səməd Vurğundan gedirdi. Söhbət bizi Qaraqoyunlu dərəsinə apardı. Vurğunun gəzdiyi o yerlərə - Dilican dərəsinə.

- İsmayıl müəllim! "Dəli kür"ün qəhrəmanı Cahandar ağanın nəvəsi Cahandarov Cahandar Qaraqoyunlunun Cıvıxlı kəndində müəllim işləyir.

Məni çox maraqla dinləyib dedi:

- "İnqilab kimisinə çörək verdi, kimisinin də çörəyini əlindən alıb, didərgin saldı.

İsmayıl Şıxlı, əslində, yazılmamış (yəqin ki, yazılacaq) bir romanın ideal bir qəhrəmanı idi. Yazı manerasında mən onu Şoloxovla müqayisə edərdim. Belə adamlar yalnız millət üçün yaranır.

Qara NAMAZOV,

professor



Facebook-da paylaş