Mənəviyyatımızın güzgülərindən biri
Mənə elə gəlir ki,
böyük ideal və vətəndaşlıq əqidəsi olmasa, insan şəxsiyyətə çevrilə
bilməz. Yəni, şəxsiyyətin başlıca əlamətlərindən biri
budur ki, nə üçün və necə yaşadığını, ömrünü nəyə həsr elədiyini
bilir; bütövdür, gedəcəyi yol var, mənzil var, bütün çətinliklərə baxmayaraq,
sınmır, şəraitin heç bir kül və ya torpaq qatı onun dəyərini aşağı sala bilmir. Buna görə də
oxucusunu işıqlı ideallara səsləyən, dövrün yaşarı, səciyyəvi cəhətlərini göstərən,
xırdalanmayan və xırdalanmaqdan qoruyan, minilliklərin yürüşünə davam gətirəcək
əsl xalq ruhunu əks etdirən, deməli, insanda və cəmiyyətdə ləyaqət hissini tərbiyə
edən ədəbiyyat, tarixən olduğu kimi, indi də mənəvi həyatın xüsusi bir
mövqeyində dayanır və məktəb rolu oynayır. Yubileyini
keçirdiyimiz hörmətli Xalq yazıçımız İsmayıl Şıxlı haqqında, onun həyat yolu və
yaradıcılığı barədə düşünəndə ürəyimdə bu hisslər
oyanır. Ədəbiyyatımızın uzun karvan yolunda onu əsl Azərbaycan ruhu, əxlaqı və
xarakterinin daşıyıcılarından biri kimi görürəm. Yaşadığımız minillik
finiş xəttinə yaxınlaşdıqca bir cəhət qabarır: xalqın tarixinə, keçmişinə, "sinfi” obrazlarına münasibət
dəyişir. Sivilizasiyanın gur havasında nəfəsi karıxan cəmiyyətin ilkinliyə, təbiət
və mənəviyyat ekologiyasının təmiz çağlarına, keçmişə dönmək meyli bir vaxtlar "arxaik”, "patriarxal” sayılan bir çox
parlaq keyfiyyətləri yenidən qiymətə mindirir. Qəribə bir fikir reaksiyası gedir. Tarixin dərin qatlarına baş vurduqca,
xalqın və bu günün havasını daha yaxşı duya bilirsən. Milli intibah keçmişin dərki ilə sıx bağlıdır. Bu mənada İsmayıl
Şıxlının yaradıcılığı xalqın mənəvi dirçəlişinə xidmət göstərən, onun özünü özünə
tanıtdıran ədəbiyyat və vətəndaşlıq hadisəsidir. Deyiblər, Allah insanı özünə köməkçi kimi yaradıb; dünyanı idarə etməyin
çətinləşdiyini görəndə bu balaca yardımçılarını yer üzünə göndərib ki, nizam
pozulmasın. Mənə elə gəlir ki, yaratdığı surətlər də yazıçının fikir, ideya
daşıyıcısı olmaqla, onun köməkçiləridir. Bu mənada, xüsusən, "Dəli Kür” romanının qəhrəmanları ilə onun müəllifi
arasında qəribə bir bağlılıq, bənzəyiş var. Adama elə gəlir ki, İsmayıl Şıxlı həmin
qəhrəmanlara əbədi həyat verdiyi kimi, öz qəhrəmanları da İsmayıl Şıxlının
yoluna işıq salıblar. Özünə-sözünə hörmət qoymaq, əsl ağsaqqal təmkini və ləyaqəti, təmsil elədiyi
soyun, kökün xüsusiyyətlərini yaşatmaq bacarığı, sadəlik və cəngavər dəyanətinin
dönməzliyinin vəhdəti, düşdüyü bütün vəziyyətlərdə dədə-babaların mərdanəlik
qanunlarını pozmamaq – bütün bunlar İsmayıl Şıxlıdan Cahandar ağaya keçib,
yoxsa Cahandar ağadan İsmayıl Şıxlıya, kim bilir? Müəllif və onun qəhrəmanı,
özü də bəzi ədəbiyyatşünasların "mənfi” damğası vurduqları qəhrəmanı arasında
eyniyyət işarəsi qoymaq istəmirəm. Amma bənzəyişi danmaq da olmur. Səbirli,
hissini asanlıqla biruzə verməyən "İsmayıl müəllim”in xarakterindəki bütün cəhətləri,
o cümlədən, "Dəli Kür” çılğınlığını göstərmək üçün müharibə gündəliklərindən
bir epizodu xatırlayıram: "Kazarmaya gəldik… Əllərim əsirdi. Nəbzim qulaqlarımda vururdu, məni
yandıran bu arxa siçovulunun hərəkəti idi. Biz səngərlərdə dizin-dizin sürünəndə,
ağzının sarısı getməyən bu əclaflar harada idi? İndi hazırın naziri olub, bizə
meydan oxuyurdular. …Birdən qapı açıldı. Leytenant içəri girdi. Əmr etdi ki, durub gecə növbəsinə
gedim. Dedim ki, getməyəcəyəm. Sözümüz çəpləşdi. O, əlini tapançasına uzatdı. Piramidadakı
avtomatı nə vaxt götürüb çaxmağı çəkməyimdən özümün də xəbərim olmadı. Bircə
onu gördüm ki, leytenant qışqırdı və özünü qapıya atdı. Güllələr divarı deşdi”. Bu dramatik sətirlərin altındakı tarix belədir: 20.8.45, Latviya. "Dəli Kür”ün və dəli həyatın başsız axınları daşdan-daşa vura-vura
İsmayıl Şıxlını ömrün zirvəsinə ucaldıb. Bu zirvədən çətin, məhrumiyyətlərlə
dolu, amma şərəfli bir yazıçı ömrünün geniş mənzərəsi açılır… Mənim gözümdə İsmayıl müəllim, onu tanıdığım 20 ilə yaxın vaxt içində
heç dəyişilməyib. Elə həmin təmkin, elə həmin şux boy-buxun, elə həmin gur qara
saçlar, elə həmin təmiz uşaq təbəssümü və dünyaya kədər qarışıq bir məğrurluqla
baxan iri, ifadəli gözlər… Bəlkə, bunun bir səbəbi İsmayıl Şıxlının elə cavan
vaxtından ağsaqqal hörməti qazanmasındadır. Bəlkə, "Ayrılan yollar”da, "Dəli
Kür”də yetdiyi müdriklik gəncliklə yaşlılığın sərhədlərini elə o vaxtdan
qarışdırıb… Buna görə də İsmayıl müəllim ömrün 70-nə ruhən çox cavan gəlir. İsmayıl Şıxlı çox oxunan, haqqında çox yazılan, xalqın bütün təbəqələri
tərəfindən tanınan və sevilən yazıçımızdır. Müharibədən sonrakı dövr nəsrimizdən
bəhs edən elə bir ciddi ədəbi tənqid nümunəsi olmaz ki, orada onun
yaradıcılığından bəhs edilməsin… "Dəli Kür”ü təhlil edən yazıları yığsan,
romanın özündən neçə dəfə qalın olar. Yəni, İsmayıl Şıxlı yaradıcılığı nəsrimizin
elə bir hadisəsidir ki, onsuz bu nəsrin tam qiymətini vermək olmaz. "Dəli Kür”
Azərbaycan ədəbiyyatının bu yüzillikdə yaranmış ən qiymətli nümunələrindəndir,
bədii sözümüzün nüfuzunu artıran əsərlərdəndir. Dünya ədəbiyyatı konteksində də
yüksək qiymətləndirilib, tarixi romanlar arasında xüsusi yeri göstərilib və
hansı yolla gedirsən, get, ondan yan keçmək olmaz. Roman Azərbaycan milli
xarakterinin yaradılması sahəsində, hələ ki, nəsrimizin ən uğurlu hadisəsidir.
Buna görə də hər birimizin ürəyində romandan nə isə var… Bəlkə elə buna görə, yəni, "Dəli Kür”ün müstəsna şöhrəti və dəyəri
İsmayıl Şıxlının ayrı əsərlərini kölgəyə alır və onun yaradıcılığının tam qiymətləndirilməsinə
mane olur… 50-ci illərin axırına doğru, xüsusən, Azərbaycan kəndlərində oxumağa
yarayan bədii əsərlərin qıtlığı açıq-aşkar duyulan bir vaxtda İsmayıl Şıxlının
"Ayrılan yollar”ı böyük ədəbi hadisəyə çevrilmiş və oxucuların başlıca söhbət
mövzusuna dönmüşdü… Lakin bədii əsərin əsl dəyərini göstərmək üçün bu deyilənlər
bəs deyil… Mənə elə gəlir ki, əsl yazıçını, əsl istedad sahibini fərqləndirən
başlıca cəhət vaxt, zaman duyğusudur. Zaman duyğusu deyəndə, təkcə "günün
aktual tələblərinə cavab vermək” nəzərdə tutulmur, həm də vaxtdan qorunmaq nəzərdə
tutulur. Zamanın qulu olmaq, onun gur sellərinə əsir düşmək, gətirdiyi hər şeyi
müsbət, gərəkli bir şey kimi qəbul etmək və ya buna məcbur edilmək bir çox qələm
sahibimizi müvəqqəti hadisələrin mexaniki təsvirçisinə çevirib, əsl yazıçı
duyğusunu məhv edib, yerində məddahlıq, xidmətçilik, pay gözləmək, dərisini
qorumaq, köləlik duyğusu göyərdib. Əsl istedad sahibi ötəri olanla böyük tarixə
xidmət edəni bir-birindən ayırmağı bacarmalıdır, ilğımla canlı təbiəti fərqləndirə
bilməlidir. Gücü çatırsa, həqiqətə xidmət eləməlidir, çatmırsa, susmalıdır. Məncə,
ayrı yol yoxdur. 50-ci illərdə durulaşmaq, bədiilik başlanğıcına dönüş baxımından ədəbiyyatımızda
gedən hərəkatın ciddi uğurlarından olan "Ayrılan yollar” romanında da yazıçının
əsl qələbəsi əyriliklərin, yalanların, bər-bəzəkli sözlərin qatı dumanı
arxasından həqiqət işığını görə bilməsi idi… İsmayıl Şıxlı insanı müqəvvaya, robota çevirən, minlərlə adamı planın,
istehsalatın əsiri edən yalan və saxtakarlıq içində boğulan bir zamanın eybəcərliklərini
ilkin göstərən yazıçılarımızdandır. Artıq sahə əkməklə, şişirtmə rəqəmlərlə
kağız üstündə pambıq planı doldurmağın faciələrini o, hələ 50-ci illərdə göstərmişdir.
Bu yolla insanların içində başlanan mənəvi süqut, torpağı əldən gedən əkinçinin
fəlakəti, rişələri yayılan bürokratiya xərçənginin gələcək faciələri romanda
uzaqgörənliklə təsvir olunmuşdur. Bu gün "Ayrılan yollar” kimi əsəri oxuyanda və
son illər ölkədə yaranmış vəziyyəti, yalandan doldurulan planlar, şişirdilən rəqəmlər,
torpağın kəndçiyə qaytarılması zərurəti və s. məsələlərlə bağlı gedən söhbətləri,
çıxarılan qərarları göz önünə gətirəndə, bir yandan əsl ədəbiyyatın diaqnostik
gücünə, proqnoz uzaqgörənliyinə sevinirsən, bir yandan da cəmiyyətin bu
proqnozlara laqeyd qalıb vaxtında ibrət götürməməsindən təəssüflənirsən… Bir yazıçı və şəxsiyyət kimi İsmayıl Şıxlını tanımaqda "Cəbhə yolları” əsərinin
xüsusi əhəmiyyəti var. Bu əsər təkcə müəllifinin yaradıcılığında deyil, ümumiyyətlə,
nəsrimizdə ayrıca söhbət mövzusuna çevrilməli olan müstəsna bir hadisədir.
Çünki, doğrudan da, əsər cəbhə yollarında, odun-alovun içində yaranıb və bu
baxımdan müqayisəsi az tapılan əsərlərdəndir. Müharibə haqqında çox yazılıb, əksər hallarda da sonradan, soyumuş xatirələrdir.
İsmayıl Şıxlının əsərinin qiyməti ondadır ki, dörd ilə yaxın uzun cəbhə
yollarında yazdığını əsaslı işləmədən, artırıb-əksiltmədən, yəni cavan bir ədəbiyyatçının
– müəllimin yazdığını sonralar təcrübəli yazıçı qələmi ilə redaktə etmədən
oxuculara çatdırmışdır. Bu, bəlkə də, neçə-neçə romana mövzu ola biləcək, sıxılmış "qurşun kimi
ağır”, ağıllı, kövrək, isti, həyəcanlı bir əsərdir. Biz başqa xalqların ədəbiyyatlarını
da izləyirik. Ümumiyyətlə, müharibə illərindən İsmayıl Şıxlının yazdığı kimi
canlı, sərt, müharibənin bütün əzablarını yaşadan əsərlər azdır. Bu da maraqlıdır ki, İsmayıl müəllim həmin cəbhə dəftərlərini illər
uzunu səbrlə qoruyub saxlayıb, üzə çıxarmayıb. Həmin saralmış dəftərləri ilk dəfə
"Ədəbiyyat və incəsənət” qəzetində görmüşdüm… Hələ bilmirdim ki, bu dəftərlərdə
ədəbiyyatımızın dəyərli, bənzərsiz əsərlərindən biri yatır. İsmayıl Şıxlının yaradıcılığında ayrıca danışmalı cəhətlərdən biri də
hekayə yaradıcılığı, əfsanə və rəvayətlərdir. Xalq müdrikliyindən qidalanan,
elin köksündəki söz zirvələrindən qanadlanan ayrı-ayrı əhvalatlar İsmayıl
Şıxlının sənətkar qələmində müasir məzmun kəsb edir, böyük fəlsəfi məna
qazanır. Həmin əfsanə və rəvayətləri mən tərəddüd etmədən böyük bir xalq
romanının ayrı-ayrı fəsilləri, xalq mənəviyyatı ensiklopediyasının hissələri
adlandırardım. Bu balaca hekayələrin hər birində roman silqəti yaşayır. Xalq yazıçımızın ləyaqətli ömrü, təxminən yarım əsrlik yaradıcılıq yolu
barədə fikirləşəndə onun şəxsi keyfiyyətləri, gözəl, nəcib insanlığı, pedaqoji
fəaliyyəti, sözün geniş mənasında, müəllimliyi barədə danışmamaq olmur. O, həmişə
görüşünə can atdığın, el demiş, üzü nurlu, hər hərəkəti, hər sözü ilə nə isə
bir şey öyrədən, bir şey təlqin edən insandır, əsl yaxşılıq məktəbidir; Azərbaycan
ziyalılığı nümunəsidir. Gəncliyində də belə olub, müdrik çağında da belədir. "Ruzu” adlı əfsanənin qəhrəmanı – Allahı axtaran kişi deyir: "Onu harda
olsa axtarıb tapacaq və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan?
Görmürsən ki, insaf-mürvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona
deyəcəyəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb, halal zəhmətlə,
halal çörəklə dolananlar zillət çəksin, qarın dolusu çörək, əyin dolusu paltar
tapmasın, amma Allah yolundan çıxıb şeytana qulluq edənlərin başından var-dövlət
tökülsün? Yoxsa, istəyirsən ki, saçımızın, saqqalımızın ağ vaxtında yolumuzu
azıb, şeytana qulluq edək?” Bu sözlərdə İsmayıl Şıxlının bütün qəhrəmanlarının amalına işıq salan,
onun həyat yolunun yönünü, mənasını göstərən bir güc var. Yazıçı ömrü boyu həqiqət,
düzgünlük adlı bir "Allah”ın axtarışındadır. Bütün əsərlərində insanı uca
tutub, böyük xarakterlər yaradıb, xeyirin, ədalətin, işığın qələbəsinə çalışıb.
Ədəbiyyatda xırda, cılız, yarımçıq surətlərin meydan açdığı bir vaxtda onun əsl
ədəbi örnəklərimizə bağlı olan yolu ümid və nikbinlik doğuran bir yoldur. Xalqa
arxalanan və xalqı ucaldan bir yoldur. Buna görə o, özü də xalqın gözündə həmişə
ucadır, büllur mənəviyyatı kimi aydın və həmişəbahardır. Sabir RÜSTƏMXANLI, Xalq şairi 1989-cu il
Facebook-da paylaş