Bütövlük
Bu anlayışın ifadə etdiyi məna çalarlıdır, çeşidlidir: xarakter
bütövlüyü, əqidə bütövlüyü, həyata, hadisələrə, insanlara münasibətdə
bütövlük... Bu mənəvi keyfiyyətləri ömrün mənasına çevirmək ehtirası… Yazıçı
İsmayıl Şıxlını şəxsən tanıyanlar və yaradıcılığına yaxından bələd olanlar onun
haqqında söz düşəndə ən çox bu ifadələri işlədirlər: "bütöv adamdır", "təbiətinə sadiqdir", "qulluq etdiyi əqidə
və amalın qədir-qiymətini yaxşı bilir", "ədəbi mövqeyi
möhkəmdir". Bu ümumi fikir onun həm bir pedaqoq kimi insani keyfiyyətini,
həm siyasi mövqeyini, vətəndaşlıq ləyaqətinin məzmununu, həm də sənətkar
amalının aydınlığını, ülviliyini çox gözəl ifadə edir. İsmayıl Şıxlı otuz ildən
artıq yaradıcılıq yolunda yazıçılıq sənətinin ağrı-acılarını da udub, sevincini,
nəşəsini də. Bədii uğursuzluğu da olub, parlaq qələbəsi də. Lakin heç vaxt
büdrəməyib, düzgün yoldan sapmayıb, hər hansı təsirə qapılmayıb - öz
bütövlüyünü qoruyub saxlayıb, dəst-xəttini yaratmağa, cilovlamağa çalışıbdır.
Yazıçılığı adi peşə hesab edənlərə, istedadı olmadan "ədəbiyyat
yaratmaq" xəyalına düşənlərə qarşı amansız olubdur. Yaxın dostluq,
tanışlıq, "ağsaqqallıq" ədəbiyyatın müqəddəsliyi mənafeyinə tabe
etdirilib. Onun əsərlərini sadalamaq, barmaq hesabına çevirmək üçün nə o qədər
fikirləşmək, nə də vaxt sərf etmək lazım gəlir. Bir oçerklər və xatirələr
kitabı, on-on beş hekayə, xeyli məqalə, iki də roman - vəssalam. (İsrayıl
Mustafayev 1987-ci ildə vəfat edib – red.) Lakin bizə bu həqiqət də məlumdur
ki, say qədər heç vaxt yazıçının sənətkarlıq qüdrətini, xalq, Vətən qarşısında
xidmətinin miqyasını müəyyən edə bilən amil olmamışdır. İsmayıl Şıxlını
yaradıcılıqda kəmiyyət məsələsindən daha çox keyfiyyət düşündürmüşdür. Həqiqi
sənətin yolu belədir. Həyat materialının aktuallığı, ictimai fikirlə səsləşməsi,
gerçəkliyin yüksək sənətkarlıqla ifadəsi daha konkret yaradıcılıq vəzifəsi kimi
həmişə onun qarşısında dayanmışdır. İsmayıl Şıxlı yaşadığı, qəlbən duyduğu aləmi, yaxşı tanıdığı adamları
qələmə almağa çalışır. Müharibə mövzusunda yazdığı "Konserv
qutuları", "Səhəri gözləyirdik", "Haralısan, ay oğlan"
kimi hekayələrindən doğrudan da barıt qoxusu gəlir. Burada soyuq səngər həyatı,
cəbhəçilərin əhval-ruhiyyəsi müharibə həqiqətinin bir parçası kimi təsvir
edilmişdir. Müharibə hekayələri belə təbii, səmimi səslənir, heç vaxt
unudulmur. Ona görə ki, müəllif şəxsən yaşadığı həyatı qələmə almışdır. O,
müharibə illərində Qafqazdan Almaniyayadək davam edən uzun və şərəfli bir döyüş
yolu keçmişdir. Bu yolun sovet adamları üçün necə böyük qurbanlar, ağır
məhrumiyyətlər bahasına başa gəldiyini yazıçı cəbhə xatirələrində belə
mənalandırır: "İrəliləmək demək düz deyil. Əslində biz bu yolları
dizin-dizin süründük, qarış-qarış keçdik". Belə təravətli müşahidələri yaradıcılıq
prosesində qoruyub saxlamaq, "ölən hissləri" yenidən yaşadıb onları
müqəddəs, bədii məşələ çevirmək istəyinin özü də bədii sənətdə bütövlük
deyilmi? İsmayıl Şıxlı doğru göstərir ki, yazıçılıq hər adama müyəssər olmayan fitri
bir istedaddır. "Elə bir istedad ki, milyonların qəlbinə, hissinə, zehninə
hakim olur. Laqeydlik və xalturaçılıq, obıvatellik yazıçılıqla bir araya sığışa
bilməz". Onun fikrincə, yazıçı nəinki yenicə təqdim etdiyi hər bir əsər,
hətta işlətdiyi cümlələr, sözlər, xalqın ünvanına söylədiyi replikalar, təsvir etdiyi
məişət səhnələri, adətlər üçün də tam məsuliyyət daşıyır. Yaradıcılığa bu cür
ciddi tələblərlə yanaşmağın nəticəsidir ki, "Ayrılan yollar" və
"Dəli Kür" romanları İsmayıl Şıxlını müasir nəsrimizin ən istedadlı
nümayəndələrindən biri kimi şöhrətləndirmişdir. Ədəbi tənqid haqlı olaraq belə bir ümumi nəticəyə gəlib ki, əllinci illərin
sonlarında yaranan "Ayrılan yollar" romanı həm həyat faktlarına
yanaşmaq üsulu, həm də digər sənətkarlıq keyfiyyətləri baxımından
"ədəbiyyatımızın gözəl nailiyyətidir". Müharibədən sonra Azərbaycan
kəndi üçün səciyyəvi olan keyfiyyət dəyişiklikləri bu əsərdə orijinal, maraqlı
bədii ifadəsini tapmışdır. Roman özü ilə ədəbiyyatımıza kənd həyatının təbiiliyini
gətirdi. "Ayrılan yollar"da yalnız müxtəlif insan xarakterləri deyil,
eyni zamanda zəhmətin böyük poeziyası əks olunmuşdur. Romandakı konflikti yaradan
təkcə yaxşı bir aqronomla pis kolxoz sədri arasında pambığın hansı üsulla
becərilməsi üstündə gedən mübarizə deyil, insan taleyi, vətəndaşlıq ləyaqəti,
namus və qeyrət anlayışlarına hansı mövqedən yanaşmaq kimi ciddi məsələlərə
tərəflərin münasibətidir. Yazıçı təsvir etdiyi insanları təsərrüfatın prozaik
görkəmindən dartıb çıxarmış, onların hər birinə canlı görkəm vermiş, öz şəxsiyyətləri,
psixologiyaları ilə təsvir etmişdir. Yəni gerçəkliyi qəhrəmanların subyektiv
hissləri, həyata və insanlara münasibətləri vasitəsilə əks etdirmək, yazı
prosesində onu daha çox düşündürmüşdür. Bu da öz növbəsində əsərdəki lirizmi,
emosionallığı xeyli gücləndirmişdir. "Ayrılan yollar"da qəhrəmanların
fəaliyyəti hadisələrin obyektiv, qanunauyğun inkişafından doğur. Bunu əsərin
qəhrəmanı İmranın simasında daha aydın görə bilirik. İmran müasir kəndin yeni inkişaf
yolunu, haraya meyl etdiyini, hansı fikirlərlə yaşadığını aydın əks etdirən
dolğun bir surətdir. O, öz ideallarının yüksəkliyinə, həyatiliyinə möhkəm
inanır. İmranın simasında ictimai həyatda, ailə və məişətdə öz fədakarlığı, təmiz
vicdanı və ürəyi ilə nümunə olmağa çalışan, bu yolda təbii olaraq böyük maneələrə rast gələn müasir insanı
görürük. İsmayıl Şıxlı romanın hər səhifəsində bu mübarizəni əlvan canlı boyalarla,
təbii görkəmdə təsvir eləməyə çalışır. Nə vəzifə, nə şöhrət, nə yağlı dil, nə
də hədələr, təqiblər qəhrəmanı öz yolundan döndərə bilir. "Ayrılan
yollar" romanının gözəl xüsusiyyətlərindən biri də əsas qəhrəmanın
əhatəsində olan digər obrazların da canlı və real göstərilməsidir. Müəllif
əsərin müvəffəqiyyətində xüsusi rol oynayan bu incə mətləbi yaxşı duymuş və hər
yerdə gözləmişdir. Ona görə də Nəsib dayı, Zeynəb, Əli, Kərim kimi torpağın bərəkətinə
bel bağlayan kolxozçu surətləri canlı və
təbii təsir bağışlayır. Romanda bədii yaradıcılıq predmeti deyil,
psixologiyanın araşdırılmasında ciddi rol oynayan ifadə vasitəsi kimi
mənalandırıldığından, insanın taleyi məsələsi oxucunu daha çox düşündürür. İsmayıl Şıxlıya həqiqi şöhrət gətirən yazıçı sənətkarlığının bir sıra
yeni cəhətlərini üzə çıxaran, yaradıcılıq üslubu, dəst-xətti barədə daha inamlı
fikir söyləməyə imkan verən milli ədəbiyyatımızın, həm də sovet nəsrinin
monumental əsərlərəindən biri hesab edilən əsəri "Dəli Kür"
romanıdır. Romanın yaranmasından on illər keçir, lakin bu müddətdə Moskva və qardaş
respublikaların nəşriyyatlarında, eləcə də respublikamızda təkrar-təkrar nəşr edilmiş, haqqında onlarca məqalə və
resenziya yazılmışdır. "Dəli
Kür" tənqidçilərin tez-tez müraciət etdiyi əsərlərdəndir. Məsələn,
görkəmli yazıçı və tənqidçi Y.Surovtsev əsərin Moskvada çap edilən təkrar
nəşrinə yazdığı iri həcmli müqəddimədə İsmayıl Şıxlının "Dəli Kür" romanının
"bədii əhatəsinə, sənətkarlığına və problematikasına görə" Mixail
Şoloxovun "Sakit Don", Muxtar Auezovun "Abayın yolu", Yonos
Avijyusun "İtirilmiş qan" romanları ilə müqayisə edir. Azərbaycanlı
yazıçının əsərini yeni tipli roman-epopeya adlandırır. Başqa bir Moskva
tənqidçisinin yazısında da "Dəli Kür" romanı barədə belə yüksək fikrə
rast gəlirik. Əsərə şöhrət gətirən hansı sənətkarlıq keyfiyyətləridir?
"Dəli Kür" romanında Azərbaycan xalqının həyatında baş verəcək böyük dönüşün
başlanğıcı təsvir edilmişdir. Tədqiqat obyekti kimi panoram görkəmli, şaxəli,
milli həyatımızın mahiyyəti anlayışını ifadə edə bilən hadisə və əhvalatlar
götürülmüşdür. Lakin bu epoxal hadisələr nə qədər ictimai məzmun daşısa da, bədii
əsərin uğurluluğunu təmin edən keyfiyyət, amil ola bilməz. Çünki fakt, hadisə
hələ bədii əsər deyildir. Riyaziyyat dili ilə desək, bu, olsa-olsa, hələ
müstəvidir, görək bu müstəvi üzərində nə iş görüləcək? "Dəli Kür"
romanında dövrün ictimai problemlərini insanın mahiyyəti, cəmiyyətdə yeri, şəxsi
tragediya və ehtirasların vətəndaşlıq ləyaqəti vasitəsilə ifadə etmək müəllifi
daha çox düşündürmüşdür. Yazıçı sənətin belə bir qanununa inanmışdır ki, insan
əsərin, epoxanın nəşəsini də, əzabını da özündə yaşatmaq qüdrətinə malikdir.
Dövrün nəbzi ilə insanın əsəb sistemləri, duyğular aləmi arasında möhkəm
bağlılıq vardır, bütövlük mövcuddur. Bəlkə də buna görə "Dəli Kür"
deyərkən dərhal Cahandar ağa obrazı göz önünə gəlir. Cahandar ağanın
psixologiyası ilə tanış olanda onun yaşadığı zəmanənin ictimai-siyasi əxlaqi
problemləri gözümüz qarşısından keçir, bu ziddiyyətlərin, təzadların izini
surətin xarakterində ayrıca görə bilirik. Yəni İsmayıl Şıxlının əsas yazıçı
məqsədi XIX əsr insanının həyatına bir monumentallıq, möhtəşəmlik görkəmi
verməkdir, bu da böyük ədəbiyyatın həmişə can atdığı bir zirvədir. Cahandar ağa
insan kimi mərddir, əzəmətlidir, namus-qeyrət yolunda həyatını verməyə
hazırdır. Milli ləyaqət hissilə yaşayır. Ləyaqətinin tapdanmasına yol vermir.
O, doğma yerlərə pis niyyət, xain məqsədlə gələnlərə qənim kəsilir, maarif işığı
gətirənlər isə istər-istəməz onun rəğbətini qazanır, əziz qonağına çevrilir,
duz-çörək kəsirlər. Cahandar ağa yalançı, "dınqıra süzən" mollaların,
qeyrətsizlərin düşmənidir. Bu xüsusiyyətləri onun bütövlüyünü yaradan məziyyətlərdir.
Bu bütövlük surətin milli mənsubiyyətini
müəyyənləşdirir. Bu cür mənəvi məziyyətləri olan Cahandar ağa həm də böyük
tragik surətdir. Cahandar ağa savadsız olsa da, onda çevik bir mühakimə
qabiliyyəti vardır. Bir tərəfdən dədə-baba qaydası ilə yaşamağa çalışır. Digər
tərəfdən daxilində çək-çevir edib, duyur ki, "ağalıq arxayınlığı" ilə
yaşamağın vaxtı keçib, at çapıb, qılınc oynatmağın faydası yoxdur. Bu
cəngi-cidalada öz gücsüzlüyünü duyub yanıb-yaxılır. Cahandar ağa şəxsi mülkədar
malikanəsini çiyinlərində saxlamağa hazırdır - təki dağılmasın. Bu da surətin
sinfi mənsubiyyətindən irəli gələn intuitiv duyğudur. Onun tragediyası da bu iki duyğunun sinə-sinəyə gəlməsindən
doğur. Cahandar ağa dünya görüşü, sinfi mənafeyi baxımından tamamilə əks cəbhədə
dayansa da, mənsub olduğu xalqın bir
sıra gözəl mənəvi xüsusiyyətlərini qoruyub saxlaya bilmiş, özündə yaşatmağa
qüvvə tapmışdır. Necə ki, Lev Tolstoyun Andrey Balkonskisi, Səməd Vurğunun
Gəray bəyi, Mixail Şoloxovun Qriqori Melixovu. Qəhrəmanın mənəvi aləminə bu cür
obyektiv sənətkar münasibəti, psixologiyadakı kontrastları həqiqətə uyğun
qələmə almaq romanın yarandığı illərdə nəsrimiz üçün, demək olar ki, yeni
hadisə idi. Romanda Cahandar ağa obrazı nə qədər qüvvətli çıxsa da "Dəli Kür"
təkcə Cahandar ağanın faciəsini göstərən bir əsər deyildir. Burada
"Poçt" Əhməd, A.O.Çernyayevski, Şamxal, Əşrəf, Zərnigar xanım,
Salatın kimi əlvan boyalarla işlənən surətlər vardır. İsmayıl Şıxlı Azərbaycan
maarifçiliyinin yaranmasını böyük ictimai hadisə kimi qələmə alır, bu yoldakı
çətinlikləri real lövhələrlə göstərə bilir. İşıqlı gələcəyə doğru uzanan
yolların yolçularına yazıçı rəğbəti hər səhifədə, fəsildə hiss olunur. "Dəli Kür" romanında xalqın etnoqrafiyasına, etikasına böyük
məhəbbət və ehtiram vardır. Köç yolları, xalqımızın qonaqpərvərliyi nə qədər səmimi,
nə qədər ilhamla, vüqar hissilə təsvir edilmişdir. Əsərdə daha xoşagələn və dolğun
rəmzi məna daşıyan gah quzuya dönən, gah da coşub-çağlayaraq Qarayazı
meşələrini altına alan dəli Kürün bədii obrazıdır. Kür sanki Azərbaycanın
varlığını, həyatını təmsil edən şah damardır. Kür xalqın canlı ensiklopedik tarixidir. Xalqın ağrıları, acıları da,
sevinci, nəşəli günləri də Kürün gah zərif, gah da qəzəblə səslənən
mahnılarında yaşayır. Ana Kür bir növ Vətənin bütövlük simvolu kimi mənalandırılmışdır. "Dəli Kür" romanı bütövlükdə müəllifin böyük yaradıcılıq
qələbəsi olduğu kimi, həm də müasir nəsrimizin qələbəsidir, onun sənətkarlıq sambalının artmasına, təsir
miqyasının genişlənməsinə xeyli kömək etmişdir. İsmayıl Şıxlının yubiley günlərində onun elmi-pedaqoji fəaliyyətini ayrıca
qeyd etmək lazımdır. O, otuz ildən artıqdır ki, Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. O, hazırda
institutda xarici ədəbiyyatdan mühazirələr oxuyur. İsmayıl Şıxlı Azərbaycan
ziyalılarının böyük bir dəstəsinin müəllimi olmuşdur. Biz onun bu zəhmətini
ədəbi yaradıcılıq fəaliyyətindən heç də az əhəmiyyətli hesab etmirik. Bu qeydləri çapa hazırlayarkən İsmayıl Şıxlının iş otağında olduq. O,
əsgər gündəlikləri üzərində işləyirdi. Yazı stolunun üstündə saralıb-solmuş,
üzərində hələ də qan ləkələrinin izi görünən çoxlu cib dəftərçəsi, üçkünc əsgər
məktubları vardı. Arzu edirik ki, İsmayıl Şıxlı bu xeyirxah işi tezilklə başa
vursun. Çünki müharibə həyatı, xalqımızın böyük qəhrəmanlığı barədə xeyli əsər
yazılsa da, cəbhə xatirə və gündəlikləri kimi sənədli janr ədəbiyyatımızda öz
yerini hələ lazımınca tutmayıb. İkinci arzumuz: "Dəli Kür" romanında
yarımçıq talelər, ümidlər, arzular vardır. Bizi seminariyada oxuyan əşrəflərin,
osmanların xalqın qəlbində böyük maarif, elm, mədəniyyət işığı yandırmaq
uğrunda mübarizəsi çox maraqlandırır. Oxucular romanın bu istiqamətdə davam
etdirilməsini gözləyirlər. İsrail MUSTAFAYEV, tənqidçi-publisist, ədəbiyyatşunas alim
Facebook-da paylaş