• Təqvim

  • Unutma

  • Maraq



Nəhənglər ölmür

İsmayıl Şıxlı haqqında bir neçə söz


Məni zahirən İsmayıl Şıxlıya bənzədirdilər. Onda saçlarım qapqara idi. Mən də İsmayıl müəllim kimi eynək taxırdım. Mənə deyəndə ki, sən İsmayıl Şıxlıya oxşayırsan, əlbəttə, xoşuma gəlirdi. Zahiri görünüşü, ağayana yerişi, mədəniyyəti, zəngin daxili aləmi qibtə ediləsi idi. Hətta bir dəfə 26-lar rayon partiya komitəsinin müşavirəsində (o vaxt mən Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini idim) Rəyasət Heyətində yanımda oturan üçüncü katib mənə pıçıldadı: "İsmayıl müəllim, noyabrın 7-də nümayiş günü yazıçılarla birlikdə tribuna önündən keçəcəksiniz. Hər adamın əlində üç qərənfil olsun". Katib birdən heyrətlə mənə baxdı. "Bağışlayın, - dedi,  heç təsəvvürünüzə də gətirə bilməzsiniz ki, siz İsmayıl Şıxlıya necə oxşayırsınız".

Sonrakı illərdə mən zahirən çox dəyişdim. Daha heç kəs məni İsmayıl Şıxlıya bənzətmirdi. Mən isə özümə ideal seçdiyim İsmayıl müəllimi Yazıçılar İttifaqının qurultaylarında, plenumlarında, televiziya ekranlarında seyr edir, onun yaradıcılığını, ictimai-siyasi fəaliyyətini diqqətlə, maraqla izləyirdim. Tale belə gətirdi ki, 1991-ci il mart ayının 1-də mən Ali Sovetə işləməyə gəldim. O vaxt İsmayıl Şıxlı millət vəkili idi. Bundan əvvəlsə Yazıçılar Birliyinə rəhbərlik edirdi. Mən də Yazıçılar Birliyinin üzvü olduğuma  görə müxtəlif görüşlərdə iştirak edirdim. Bir gün dedilər ki, Yazıçılar Birliyinin iclasıdır. Mən də getdim. Orada gördüklərimi ömrümün sonuna qədər unuda bilmərəm. Bu böyük sənətkarın topuğundan belə olmayan cızmaqaraçılar - "şarikovlar" İsmayıl Şıxlıya qarşı çıxış etdilər, ürəklərindəkini boşaltdılar. Heç kəsin gözləmədiyi halda İsmayıl müəllim xitabət kürsüsünə qalxaraq bir-iki cümlə dedi. Dedi ki, "Narahat olmayın, mən istefa verirəm". Bunu, görünür, heç kəs gözləmirdi. Hətta biri xitabət kürsüsündə İsmayıl Şıxlının bu hərəkətini tərifləyərək ağlamsındı. Bu, artistlikdi, yoxsa həqiqətən belə idi, deyə bilmərəm.

Hamıya məlumdur ki, Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti olan İsmayıl Şıxlı "Dəli Kür" romanı ilə söz xəzinəmizi bəzəmişdir. Bu əsər öz orijinallığı, obrazlarının bütövlüyü, unudulmazlığı ilə diqqəti cəlb etmişdir. Onun əsasında çəkilmiş eyni adlı film də kino sənətimizin nadir incilərindən hesab olunur.

Ömrünün son günlərində İsmayıl Şıxlı "Ölən dünyam" adlı yeni bir romanı ilə oxucularını sevindirdi. Təəssüf ki, bu əsər hələ öz qiymətini almamışdır. Əgər bir gün kinematoqrafçılarımız "Ölən dünyam"a müraciət etsələr, kino sənəti xəzinəmizi bəzəyən

sanballı bir əsər meydana gətirə bilərlər.

"Ölən dünyam"ı yazanda İsmayıl Şıxlının gözləri tutulmuşdu. Bu əsəri o, diktə etmişdi. Amma romanı oxuduqca, insan heç ağlına da gətirmir ki, bu yazı üslubu diktədir. İsmayıl Şıxlının böyüklüyü bir də ondadır ki, "Ölən dünyam" romanında bu günə qədər işıqlandırılmamış mövzuya  toxunmuş, sənədli-bədii əsəri ilə sənətkarlıq zirvəsinə ucalmışdır.

Milli Məclisdə işləyən gündən mən gündəlik yazıram. Dəqiq olsun deyə, diktofonla işləyirəm. Mənə lazım olan çıxışları diktofona yazıram, sonra evdə onları dəftərə köçürürəm. Demək istəyirəm ki, İsmayıl Şıxlının çıxışlarının mətni də mənim gündəliyimdədir.

İsmayıl Şıxlının Milli Məclisdəki fəaliyyəti ayrıca tədqiq olunmalı bir mövzudur. Yəqin ki, kimsə bir gün Milli Məclisin arxivində oturacaq və İsmayıl müəllimin ictimai-siyasi fəaliyyətini öyrənib bu haqda sanballı bir əsər yazacaqdır. Onun Milli Məclisdəki fəaliyyətini belə xarakterizə eləmək olar: Heç nədən qorxmayan, cəsarətli, ölümü belə gözü önünə alan, hər sözü ilə o vaxtkı respublika rəhbərliyini silkələyən şücaətli bir insanın ürək sözləri! Nə deyirdi İsmayıl Şıxlı? İsmayıl Şıxlı deyirdi ki, gəlin, xalqı aldatmayaq. Düşdüyümüz dərin quyudan çıxmaq üçün əl-ələ verək. Xırda hissləri bir kənara qoyaq. Dilimizi, adət-ənənələrimizi qoruyaq. Hər şeydən əvvəl isə kişi olaq!

İndi hamının sevə-sevə işlətdiyi bir ifadə var: sapı özümüzdən olan baltalar. Bu rəvayətin müəllifi İsmayıl Şıxlıdır. Çoxları deyir ki, bu, xalq əfsanəsidir. Xeyr! Xalq əfsanəsi olsaydı, o vaxta qədər biz bunu yüz dəfə eşidərdik. Bu, xalq rəvayəti deyil. Bu ibrətamiz hadisə İsmayıl Şıxlı təxəyyülünün məhsuludur. Əfsanəni yadınıza salıram. Ağaclar bir-biri ilə söhbət edirlər. Qoca ağac deyir ki, bir parça dəmir meşənin canına düşüb. Bizi qıracaq. O biri ağaclar inanmırlar. Qoca ağac deyir ki, dəmir parçasının sapı özümüzdəndir. Yəni ağacdandır. Ağaclardan biri "ah" çəkir. Bizi qıracaqlar, deyir. Çünki o dəmir parçasının sapı bizim özümüzdəndir.

Mən İsmayıl Şıxlının Milli Məclisdəki bütün çıxışlarının şahidi olmuşam. O çıxışlardan yalnız bəzilərini olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm.

9 fevral 1991-ci il.

İsmayıl Şıxlı: "Bir il bundan əvvəl Bakıya qoşun yeritdilər. Qorbaçov dedi ki, Gürcüstan xalqı ilə oynamaq olmaz. Fövqəladə vəziyyəti ləğv eləmək lazımdır. Belə çıxır ki, onlarla oynamaq olmaz, bizimlə oynamaq olar... Mən belə dövlət başçısına inanmıram. Gəlin, açıq danışaq. Camaatımızı aldatmayaq".

Yenə həmin iclasda.

İsmayıl Şıxlı: "Mən çox sevinirəm ki, Ali Sovetdə Azərbaycan dilində çıxış edirlər. Biz dilimizi qorumalıyıq. Rus dilində təhsil alan deputatlarımız vardır. Onlar danışmağa çətinlik çəkirlər. O deputatlar da Azərbaycan dilini öyrənməlidirlər".

8-10 oktyabr 1991-ci il.

İsmayıl Şıxlı: "Bizə birlik lazımdır, vahidlik lazımdır, əl-ələ vermək lazımdır, parçalanmaq lazım deyil. Qarabağı bir yana versək, Naxçıvanı bir yana versək, cənub rayonlarını bir tərəfə versək, onda Azərbaycanın varlığı təhlükə altında olar. Bizim düşmənlərimiz, çox təəssüf ki, çoxdur, bizim düşmənlərimiz də bunu istəyirlər, sorğular aparırlar, fikir yoxlayırlar, münasibətlər axtarırlar gizli şəkildə".

6 dekabr 1991-ci il.

İsmayıl Şıxlı: "Deputat yoldaşlar! Bizi narahat eləyən məsələnin və mübahisənin səbəbini mən onda görürəm ki, ümumiyyətlə, biz həqiqəti daim gizlətmişik. Bunun da həmişə cəzasını çəkmişik. Bizdə belə bir psixologiya var. Mən istəyirəm ki, bu və ya digər adamı cəzalandırmaqdan başqa, ümumiyyətlə, bu psixologiyanı məhv eləyək. O da bundan ibarətdir ki, hər hansı bir hadisə baş verəndə, bir faciə baş verəndə, nə təhər deyim, yeni bir məsələ ortaya çıxanda həqiqəti camaata çatdırmaqdan çox, düşünürük

ki, bunu necə ört-basdır eləyək. Bu psixologiya bizdə var. Mənim yadımdadır, Ermənistandan 200 min azərbaycanlı qovulanda və bizim dəmiryol vağzalında qatar dayananda burnu kəsilmiş, qulağı kəsilmiş adamları gördükdə bizim respublika rəhbərliyi göstəriş verdi ki, heç kəsə bir söz deməyin. Bildirməyin bu məsələləri. Gizlətdik. Nəticəsini də görürük".

18 yanvar 1992-ci il.

İsmayıl Şıxlı: Xalqımız iki ildir bu cinayəti  törədənlərin kim olduğunu, hadisələrin necə olduğunun obyektiv nəticəsini gözləyir və haqlıdırlar. Bunu mən iki qismə bölürəm. Bir

qismi mərkəzlə bağlı olan adamlardır: Qorbaçovdur, Yazovdur, Primakovdur. Hətta mitinq vaxtı belə bir təklif də oldu ki, aparılan  təhqiqat işləri o günahkarların Moskvada aparılan tədqiqat işinə əlavə olunsun ki, onlar Bakıda nə kimi cinayətlər törədiblər. Bu, bir hissəsi. İkincisi, bizim özümüzdən də bu hadisələrin təşkilində iştirak eləyənlər var və onlar indi haradasa nəinki gizləniblər, bir çoxu hətta yüksək vəzifə alıblar. Ona görə də mən, verilən məlumat ki var, biri xəstədir,  biri məzuniyyətdədir... bunlara inanmıram, onlar məsuliyyətdən qaçırlar".

30 yanvar 1992-ci il.

İsmayıl Şıxlı: "Sizin yadınızda olar ki, bu sessiya yox, Ali Sovetin əvvəlki sessiyasında biz belə bir qərar qəbul elədik: "Ermənistanın Azərbaycana olan münasibəti bir dövlətin başqa dövlətin daxili işlərinə qarışması və təcavüzkarlıq kimi qiymətləndirilsin". Elə bir qərarımız olub. Bu, o deməkdir ki, bizim ərazi hüququmuza, istiqlaliyyətimizə ermənilər təcavüz edir. Bu, müharibə deməkdir, bu, aqressiya deməkdir və biz də onlara hərbi vəziyyət  elanını o vaxt eləməliydik. Ona görə də mən deyirəm: fövqəladə vəziyyət özümüzün əl-qolunu bağlamaq deməkdir, yoldaşlar. Bu, o deməkdir ki, Qazax rayonunda, nə bilim, Gəncədə, başqa yerdə komendant saatı olacaq, evdən eşiyə çıxmaq olmaz, silah gəzdirmək olmaz, nə bilim, sərhədə getmək olmaz, düşmənə güllə atmaq olmaz. Bu, özümüzə qarşıdır".

Bu sözləri deyəndə İsmayıl Şıxlı ağappaq ağarırdı, dodaqları titrəyirdi, sözsüz ki, ürəyi çırpınırdı. Onun ürəyi xalqı üçün çırpınırdı. Və bu ürək çırpıntıları İsmayıl Şıxlını yatağa saldı, bizdən tez ayırdı.

Nəhənglər ölmür. Təsəllimiz budur.

Aqşin BABAYEV



Facebook-da paylaş