• Təqvim

  • Unutma

  • Maraq



Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilmiş "Qəlblərə yaxın nasir" başlıqlı tədbir keçirilib

Bu gün Qazax rayon Heydər Əliyev Mərkəzinin və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr edilmiş "Qəlblərə yaxın nasir" başlıqlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Yeganə Göyüşlü, MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, mədəni təşkilatçısı Nailə Əliyeva, şagirdlər, müəllimlər və mərkəzin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Xalq yazıçısının 100 illik yubileyi münasibətilə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar 2019-cu il tarixli Sərəncamda da qeyd olunduğu kimi, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Sonra məktəbin şagirdləri Sədaqət Camalova və Kənan Hüseynovun ifasında görkəmli ədibin "Namərd gülləsi" əsərindən bir parça bədii kompozisiya şəklində təqdim olunub. Məktəblilərin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.







GOYEZEN.AZ



Facebook-da paylaş