Qısa yolun intəhasızlığı
İsmayıl Şıxlı etiraf edir ki, onun bədii yaradıcılığı
1947-ci ildən, "İnqilab və mədəniyyət" jurnalında dərc edilmiş
"Həkimin nağılı" hekayəsi ilə başlayır. Lakin mən bu yaradıcılığın
tarixini xeyli irəlidən, 1941-45-ci illər müharibəsinin odu-alovu içərisində, 1943-cü
ilin yanvarında aparılan gündəlikdəki qeydlərdən hesablardım. Onun çox lakonik,
yüksək bədii dillə yazılmış, yaddaşlara həkk edilən cəbhə qeydləri göstərir ki,
İsmayıl Şıxlı hələ o zamanlar, yəni müharibə haqqında ilk təəssüratlarını
səngərlərin soyuq, nəmli divarlarına qısılaraq yazdığı anlarda artıq yazıçı
imiş. Çünki yazıçılıq süjet və hadisə qurmağı bacarmaqdan yox, həyatı, insanları
görməyi, olub-keçənlər barəsində məhz öz qənaətini hasil etməyi bacarmaqdan
başlayır. Buna görə də cəbhə qeydləri bir neçə cəhətdən tədqiq olunmağa
layiqdir. Əlbəttə, ilk növbədə bu qeydlər bizi ötən müharibənin ağır illərinə qaytarır:
həm də bu qayıdışın özü xüsusi maraq doğurur. Hələ yazıçı kimi özünü
tanıtmamış, hətta bərkə-boşa düşməmiş bir döyüşçü öz qeydlərində həyat
həqiqətlərinə sadiqdir, müharibənin dəhşətlərini ötəri ştrixlərlə göstərsə də,
oxucuda o illərin qəhrəmanlıq ruhu ilə yanaşı, faciəsi barədə də geniş təsəvvür
yarada bilir. İsmayıl Şıxlının gündəliyini vərəqlədikcə, hiss edirsən ki,
müharibənin ilk illərindən qələbəyə dərin inam var və bu inam onu hər cür
məhrumiyyətə, hətta ölümə belə hazırlayıb.
Səciyyəvi misal: "...Dizi sınmış bir matros
oturmuşdu. Əynindəki paltar su içindəydi, amma nəğmə oxuyurdu. Hətta onu
"arsız" sayıb hirslənənlər də vardı... Matros iri, qüvvətli əliylə
bizi kənara itələdi, özü körpünün taxtasından yapışıb yuxarı qalxdı, üz-gözünü
turşudub xərəyə uzanmağa çalışdı. Onun ayaqlarının süründüyünü gördüm və başa
düşdüm ki, sümüklər çilik-çilik olub. Matrosun sifəti puçur-puçur tər tökdü və
birdən huşunu itirib yıxıldı...".
Bu epizodu əbəs yenə seçməmişəm, çünki sonradan bu
cəhətlər, yəni həyatı və bu həyatın qazanında qaynayan, onunla birgə nəfəs alan,
düşünən, hökm çıxaran, ölən, öldürən, insanı realistcəsinə, bütün zididyyətləri
ilə açıb göstərmək İsmayıl Şıxlının başlıca məziyyətlərindən birinə
çevriləcəkdir... İkinci tərəfdən, həmin epizodda İsmayıl Şıxlının ideya-estetik
platforması da müəyyənləşirdi - insana inam! İnsanın son nəticədə nəinki ətraf
mühitdəki, hətta öz daxilindəki əks qüvvəyə qalib gələcəyinə inam! Bu məziyyət
böyük ədəbiyyat üçün hava və su kimi vacibdir.
Cəbhə gündəliklərindən bizə bir cəhət də aydın olur:
İsmayıl Şıxlı özünü qlobal problemlərə hazırlayır, onu həyatın və insanın xırdalıqları
yox, ciddi sosial-mənəvi-fəlsəfi aspektləri düşündürür.
Zənnimizcə, onun iri janra - romana tez keçməsinin və
sonradan bu janrı əsas bədii ifadə formasına çevirməsinin sirrini də bax, bunda
axtarmaq lazımdır. Düzdür, "Ayrılan yollar" romanınacan Daşkəsən
filizçilərinin həyatından bəhs edən bir povest yazmışdı, lakin neçə illər sonra
Mehdi Hüseyn haqqındakı sənədli hekayəsində çəkinmədən, özünə xas olan
səmimiyyətlə etiraf etmişdi ki, həmin povest ürəyincə alınmayıb. Səbəbi?
Səbəbini yazıçı özü hamıdan dəqiq bilirdi - öz mövzusunu tapmayıbmış, yəni hələ
yaxşı öyrənmədiyi, lakin o zamanlar dəbdə olan mövzudan yapışıbmış...
Ədəbiyyat saxtanı, tələsikliyi, dəb arxasınca qaçmağı
sevmir və heç zaman bağışlamır... İsmayıl Şıxlı bu həqiqəti vaxtında başa düşüb
və bütün sonrakı yaradıcılığında əsas meyara çevirib. Heç şübhəsiz, oxucu
qəlbinə tez yol tapmasının bir sirrini də bunda axtarmaq lazımdır.
İsmayıl Şıxlının ilk romanı, bayaq dediyimiz kimi,
"Ayrılan yollar"dır. Əsərin mərkəzində zamanın ən aktual problemlərindən
biri - həyat və insan arasındakı münasibətlər durur. Romanda əsas mübarizə
köhnə idarəçilik prinsipinin tərəfdarı, daha doğrusu, yaradıcısı Kosaoğlu ilə
yeni dövrün yeni təfəkkürlü nümayəndəsi İmran arasında gedir. Heç bir yenilik,
hətta ən mütərəqqi yenilik də köhnəlik - ətalət, dar düşüncə, mühafizəkar əqidə
üzərində asan qələbə çalmır. Amma, paradoks kimi görünsə də, həmin illərdə
yeniliyin köhnəlik üzərində asan qələbəsini göstərən bəsit bədii əsərlər də
meydana gəlirdi, üstəlik, çox vaxt elə əsərlər "yenidir" - deyə
təriflənirdi. Lakin İsmayıl Şıxlı həyatın axarına sadiq qalan sənətkardır. "Ayrılan yollar" romanı
göstərdi ki, ədəbiyyatımıza onun ən gözəl ənənələrini, realist ruhunu qoruyan
bir yazıçı gəlib və bu yazıçı öz müasrinə həyat haqqında, insanın öz zamanı və
vicdanı qarşısında borcu haqqında ciddi, açıq ədalətli söhbət aparmaq
fikrindədir. Buna görə də onun yeni romanını səbirsizliklə, böyük ümidlə gözləyirdik.
İsmayıl Şıxlı ümidimizi aldatmadı, hətta gözlədiyimizdən qat-qat gözəl əsər -
"Dəli Kür" romanını yazdı.
"Dəli Kür" haqqında istər respublika
mətbuatında, istərsə də mərkəzi mətbuatda çox yazılıb, məşhur sovet tənqidçisi
Yuri Surovtsev onu böyük Şoloxovun "Sakit Don" romanı ilə müqayisə
edib. Roman yarandığı gündən bu yana Bakıda və Moskvada dəfələrlə nəşr edilib,
onun əsasında bədii film çəkilib, tamaşa yaradılıb. Bu uğurun, zəfər yarışının
sirri nədədir?
"Dəli Kür" romanı bir neçə cəhətdən
örnəkdir. Əlbəttə, ilk növbədə özünün bədii kamilliyi - obrazlarının bütövlüyü,
psixoloji dəqiqliyi və dərinliyi, dilinin zənginliyi ilə. İkincisi - obrazların
öz dövrü, ictimai mühiti ilə bağlılığı cəhətdən. Son illərdə sovet
ədəbiyyatında, o cümlədən bizim ədəbiyyatda tarixi mövzulara maraq xeyli
artmışdır. Bu, təbiidir. Hər bir xalq bu günü ilə bərabər keçmişini də
öyrənməlidir, çünki tarix dedikdə, təkcə müxtəlif əsərlərdəki müxtəlif
ictimai-iqtisadi formasiyalar yox, həm də hər bir xalqın təfəkkür tərzinin,
mənəvi inkişafının dinamikası, dialektikası nəzərdə tutulur. Bu mənada əsas ağırlıq
həmişə bədii sözün üzərinə düşmüşdür. Lakin bir şərtlə - tarixi
yada salarkən gərək tarixi həqiqətlərə sadiq qalasan,
gərək sənin qələmə aldığın həyatdan, o həyatın burulğanında çarpışan adamlardan
həmin dövrün nəfəsi duyulsun. Təəssüf ki, həmişə belə olmur. İsmayıl Şıxlının
romanında isə zamanın siyasi-mənəvi ruhu dərindən duyulur. Həm də bu,
publisistik-deklorativ yolla yox, canlı obrazların taleyi fonunda açılır,
göstərilir. Əsərdəki obrazların ən güclüsü, heç şübhəsiz, Cahandar ağadır. Cahandar
ağanın təbiətinə xas olan mürəkkəblik, ziddiyyətlər əsasən xalqımızın ictimai
həyatında və psixologiyasında həmin mərhələdəki ziddiyyətləri əks etdirir. XIX
əsrin sonuna doğru xalqımızın iqtisadi vəziyyətində elə bir köklü dəyişiklik
olmasa da, dünyagörüşündə tərpəniş vardı. Bir yandan maarifçilik ideyaları
yaranırdı, zamanın siyasi mahiyyətindən baş çıxaran ziyalılar yetişirdi; digər
tərəfdən isə feodal əxlaqı hələ də güclü idi. Bir yandan elmə can atan, bu
yolla da xalqı mütilikdən, köləlikdən, təfəkkür ətalətindən qurtarmağa çalışan cavanlar
yetişirdi, digər tərəfdən elmin qarşısına sədd çəkən mülkədarlar, ruhanilər
vardı. Həm də ikinci cəbhə daha güclü, daha təcrübəli idi. Çünki feodal düşüncə
tərzinin uzun tarixi ənənəsi vardı.
İsmayıl Şıxlı bu ziddiyyətləri əsasən Cahandar ağanın
ailəsinin, xüsusən oğlanları Əşrəfin və Şamxalın timsalında verib, həm də çox
böyük ustalıqla verib.
İsmayıl Şıxlı heç vaxt dili süni şəkildə
poetikləşdirmir, dilin ikinci, daha vacib rolunu açır - sosial, siyasi və əxlaqi
yük daşınmasını, o dildə danışanların fəlsəfi-etik dünyasını göstərir. Ədəbi
dilə münasibətdəki bu incəliyi və dərinliyi yazıçının hekayələrində, əfsanə və
rəvayətlərində də görürük.
İsmayıl Şıxlı kiçik janrlarda da başlıca yaradıcılıq
meyarına sadiq qalır - hər dəfə ciddi, aktual səslənən mənəvi problemlərə
toxunur. Onun istər iri, istərsə də kiçik həcmli əsərlərindən vətənpərvərlik və
beynəlmiləlçilik mövzusu baş xətt kimi keçir, oxuculara ən nəcib hisslər təlqin edir.
...Əsərləri oxuyub başa çatandan sonra bir oxucu kimi
qəlbimdə oyanan duyğular, təəssürat əsasən bunlardır.
Son olaraq bir arzumu da bildirmək istəyirəm. Güman
edirəm, başqa oxucular da bu fikirlə razılaşarlar ki, hələ çox mövzuların
İsmayıl Şıxlı qələminə ehtiyacı var, xüsusən bugünkü qaynar, inqilab ruhlu
həyatımızda gedən mürəkkəb proseslərin çoxcəhətli mənzərəsini yüksək bədii
əsərlərə çevirəcək kamil yazıçı qələminə.
Sabir AZƏRİ,
nasir,
tərcüməçi
Bakı, 7 may 1987-ci il
Facebook-da paylaş