Fenomen şəxsiyyət
Dünya şöhrətli alim A.Eynşteyndən soruşanda ki,
"İntellekt” nədir? O, belə cavab verir: - "Arximed dövrünün
insanları üçün kim idisə, elə intellekt də odur”. Məndən soruşsalar ki, şəxsiyyət nədir? Mən də ona
Eynşteynsayağı cavab verərdim: "Cəmiyyətimizdə İsmayıl Şıxlı öz dövrünün insanları
üçün kim idisə, elə fenomen şəxsiyyət də odur”. O, xalqımızın ən qədim adət-ənənələrinə sadiq, onu
yaşadan, mədəni və mənəvi dəyərlərini özündə ehtiva edən, Azərbaycan xalqı üçün
təkrarsız və möhtəşəm şəxsiyyət idi, sözün əsl mənasında şəxsiyyətin nümunəsi,
şəxsiyyətin ölçüsü idi. Heç də təsadüfi deyildir ki, İsmayıl Şıxlının demək
olar ki, bütün əsərlərinin baş qəhrəmanları elə şəxsiyyət nümunələridir. Mən İsmayıl müəllimi Azərbaycan Dövlət Pedaqoji İnstitutda
birgə işlədiyim dövrlərdən tanıyırdım. O, "Xarici ölkələr ədəbiyyatı”
kafedrasının müdiri vəzifəsində çalışırdı. Mənə elə gəlirdi ki, İsmayıl
müəllimin fenomen şəxsiyyət olmasının başlıca sirri, onun qoşa qanad təşkil
edən müəllimliyi ilə yazar qabiliyyətinin vəhdət təşkil etməsində idi. O, böyük
təfəkkürə malik, çox səmimi, qayğıkeş, insanlığa bağlı bir insan idi. Onun
böyük müəllim olmasının da əsas sirri bunda idi. Bu sahədə onun fəaliyyəti
haqqında danışmaq istəyirəm. İsmayıl müəllim ömründə cəmi bir dəfə qəbul
imtahanında iştirak edib və 130-dan çox məktəb məzunlarından imtahan qəbul
etmişdir. Sonra araşdırmalar göstərdi ki, İsmayıl müəllimin xeyir-duası ilə
vəsiqə almış bu tələbələrin hamısı elm fədaisi olmuş, hamısı elmlər namizədi və
doktoru olmuş, respublikamız üçün qiymətli kadr potensialına çevrilmişdilər.
Budur həqiqi müəllim, alim və güclü şəxsiyyət. Tələbələr və müəllimlər İsmayıl
müəllimi hər şeydən əvvəl tələbkar alim, qayğıkeş bir insan kimi tanıyır və
sevirdilər. İnstitutun elmi şurasında, elm və elmi pedaqoji
məclislərdə onun çıxışları, mühazirələri hədsiz maraqla qarşılanırdı. Hətta,
digər fakültələrin tələbələri də onun mühazirələrinə gəlib, onu dinləyirdilər.
O, sözün əsl mənasında natiq idi. Onun ümumiləşdirmələri şəxsiyyət, bütövlük,
sadəlik modeli yaradırdı. Çünki, özü bu təbiətə malik alim idi. İsmayıl Şıxlını
1934-cü ildə Qazax seminariyasına (pedaqoji məktəbinə) çəkib gətirən də onun
müəllimlik sənətinə vurğunluğu olmuşdur. O, oranı bitirdikdən sonra Qazax rayonunun
Kosalar kəndindəki orta məktəbdə müəllimlik edir və 1937-ci ildə Bakıya
gələrək, Lenin adına APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil olur. Onun qəlbində bir tərəfdən şeirə, ədəbiyyata olan
hədsiz maraq, digər tərəfdən isə müəllimliyə sonsuz məhəbbət kök salmışdır.
İsmayıl Şıxlı həm də müəllim ailəsində böyümüşdü. Bu peşəyə məhəbbət də oradan
qaynaqlanırdı. O, bu peşəyə müqəddəs bir peşə kimi baxırdı. Bu da təsadüfi
deyil ki, İsmayıl müəllim özünün "Dəli Kür” romanında Qori Müəllimlər
Seminariyasına xüsusi yer verərək, onun kadr hazırlığına diqqət ayırmış, bu
seminariyanın xalqımıza çox istedadlı müəllimlər və mədəniyyət xadimləri
verdiyini vurğulamışdır. ...Bir gün instituta xəbər yayıldı ki, İsmayıl Şıxlı
dövlətimizin ona təklif etdiyi mənzildən imtina etmişdir. O, demişdir:
"Ölkəmizdə bu qədər qaçqın və köçkün olduğu bir zamanda belə yeni mənzildə
yaşamaq bizə yaraşmaz. İlk növbədə qaçqınları yeni mənzillərlə təmin etmək
lazımdır”. Həqiqətən onun mənzilə ehtiyacı var idi. İsmayıl
müəllimin oğlu Elçin Şıxlı da bu yolu tutmuşdur. Belə ki, dövlətin təklif
etdiyi mənzili həmin məqsədlə qəbul etməmiş və atası ilə bir yerdə yaşmağa
üstünlük vermişdir. İsmayıl müəllimin humanistliyi, qayğıkeşliyi,
prinsipiallığı onun fəaliyyətində qırmızı xətt təşkil edirdi. İsmayıl müəllim
yazıçıların qurultayında iştirak edərkən S.Vurğunun "Azərbaycan”,
S.Rüstəmin "Qaçaq Nəbi” şeirlərini
əzbərdən elə bir tərzdə söyləmişdir ki, bütün qurultay iştirakçıları ona heyran
qalmışdır. Qurultayın iştirakçıları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi, ulu öndər Heydər Əliyev də bu çıxışa heyranlığını
gizlətməmişdir və yanında əyləşmiş mərkəzi komitənin ideologiya üzrə katibi
Danil Quliyevə demişdir ki, İsmayıl Şıxlı çox nüfuzlu şəxsiyyətdir. O, təhsil ocaqlarından birinə rəhbərlik etməyə layiqdir
(Danil Quliyevin özünün danışığından). Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi
1918-ci ildə Firidun bəy Köçərli tərəfindən Qazaxa köçürülmüş və pedaqoji
texnikuma çevrilərək fəaliyyətini yüksək səviyyədə davam etdirmişdir. İsmayıl
Şıxlı bu Pedaqoji Texnikumda təhsil almış və ömrünün axırına kimi oranın
nizam-intizamını və sevimli müəllimlərini hörmətlə xatırlamışdır. Bir qayda
olaraq o, bu müəllimlərdən fizika müəllimi Abdulla Babanlını, riyaziyyat
müəllimi Yunis Eyyubovu, tarix müəllimi Əli Əliyevi nümunə göstərərək,
müəllimləri fənnini mükəmməl bilməyə, tələbələri ədalətlə qiymətləndirməyə,
sadə və səmimi olmağa çağırırdı. İsmayıl Şıxlı "Mənim tərbiyəçilərim” adlı
məqaləsində yazırdı: "Biz başa düşdük ki, müəllimin sevilməsi üçün əsas
şərtlərdən biri onun öz fənnini gözəl bilməsidir”. İsmayıl müəllim APİ-də oxuyarkən ona dərs demiş Əli
Sultanlını ilk mühazirələrindən sevmiş, onda Qərbi Avropa ədəbiyyatına hədsiz
böyük maraq aşılamışdır. Obrazlı desək, Əli Sultanlı olmaq istəyi onu İsmayıl
Şıxlı etmişdir. O, vaxtilə özü Əli Sultanlının növbəti mühazirələrini necə
səbirsizliklə gözləyirdisə, sonradan tələbələr İsmayıl Şıxlının mühazirələrini
həmin səbirsiliklə gözləyirdilər. İsmayıl müəllim də Qərb ədəbiyyatından
mühazirələr oxuyurdu. Pedaqoji institutda "Xarici ölkələr ədəbiyyatı”
kafedrası məhz İsmayıl Şıxlıya görə açılmış, onun rəhbərlik etdiyi bu kafedraya
çox istedadlı müəllimlər toplanmışdır. İsmayıl Şıxlı rəhbərlik etdiyi kafedraya
səmimiyyət, ünsiyyət, hörmət və ehtiram, bir-birinin qədrini bilmək və s.
keyfiyyətlər gətirmişdir. İsmayıl müəllimin tələbələri də İsmayıl Şıxlı olmaq
istəmişlər. İsmayıl Şıxlı vaxtilə Əli Sultanlı məktəbini, İsmayıl Şıxlının
tələbələri isə İsmayıl Şıxlı məktəbini keçmişlər. İsmayıl müəllimin dərs dediyi fəndən tələbələrin
böyük əksəriyyəti həmişə əla qiymətlər almışdır. Bunun əsas iki səbəbi vardır.
O, bir tərəfdən fənnini tələbələrə sevdirməyi bacarmış, digər tərəfdən
tələbələr həmişə İsmayıl müəllimə olan dərin hörmət və ehtiramını yaxşı
oxumaqla doğrultmuşlar. Tələbələri onun fənnini oxumamağı özlərinə böyük
qəbahət hesab etmişlər. İsmayıl Şıxlı şəxsiyyətini dəyərləndirən bir cəhət də
onun hədsiz dərəcədə humanist bir insan olması idi. O, öz müəllimlik
fəaliyyətində rəsmiləşməmiş, ancaq həmkarlarının və tələbələrinin yaddaşında
yaşayan, bütün zamanlarda örnək olacaq bir təqaüd də təsis etmişdir. Həmin
təqaüd "İsmayıl Şıxlı” təqaüdü olmuşdur. Bu təqaüdü İsmayıl Şıxlı öz halal əmək
haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə vermişdir. Özü də elə bir üsulla
vermişdir ki, onu alan tələbələr çox-çox sonralar başa düşmüşlər ki, bu
aldıqları təqaüd heç bir yerdə rəsmiləşməmişdir. Deyilənlərə görə, müəllim
həmkarlarının və tələbələrin sevimlisi olan İsmayıl Şıxlı "Qızıl İsmayıl” adını
qazanmışdır. Bu qızıllıq, mənə görə onun fenomen şəxsiyyətinə dəlalət edir. İsmayıl Şıxlı xarici ölkələr ədəbiyyatına aid
Azərbaycan dilində heç bir mənbənin olmadığı bir zamanda tələbələrə geniş
mühazirə mətnlərini verməklə əlindən gələni əsirgəməmişdir. O vaxt xarici
ölkələr ədəbiyyatından mühazirə oxuyan zaman Əli Sultanlının mühazirələrindən
başqa, istinad olunacaq digər mənbə olmamışdır. Ona görə də bu boşluğu aradan
qaldırmaq üçün o, 1970-ci ildə "XVIII əsr xarici ədəbiyyat tarixi” adlı dərs
vəsaitini həmmüəlliflərlə birlikdə çap etdirmişdir. XVIII əsr maarifçilərinin
ictimai və iqtisadi məsələrin həllində bərabərlik və azadlıq ideyalarını təbliğ
etmələri onların dünyagörüşündə mühüm yer tuturdu. XVIII əsr xarici
ədəbiyyatlarda mövcud olan bəzi məqamlar tələbələrin anlaya biləcəyi səviyyədə,
anlaşıqlı dildə, aydın bir üslubda İsmayıl müəllimin hazırladığı dərs
vəsaitində öz əksini tapmışdır. Tələbələrin xarici ölkələr ədəbiyyatına olan
tələbatını ödəmək üçün 1974-cü ildə "XX əsr xarici ədəbiyyat tarixi” adlı
kitabı yazmaqla İsmayıl Şıxlı çox çətin işin öhdəsindən uğurla gəldi. Bu
kitabda fransız, alman, ingilis, Amerika və Skandinaviya ölkələri ədəbiyyatı
(Norveç, İsveç, Danimarka) özünəməxsus yer tutdu. İsmayıl Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi”ni
rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirməklə, XVIII, XIX və XX əsr
xarici ölkələr ədəbiyyatı ilə bağlı zəngin materialları öz tələbələrinin
stolüstü kitabına çevirə bilmişdir. Bununla da o, XVIII-XX əsrlər xarici
ölkələr ədəbiyyatı ilə bağlı olan boşluğu doldura bilmişdir. İsmayıl Şıxlı təriflərdən, yalançı şöhrətlərdən
uzaq adam olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
İsmayıl Şıxlının 60 illik, Dram teatrında 70 illik yubileyləri keçirilərkən
ədəbiyyatşünas, tənqidçi, professor Qulu Xəlilov gözəl demişdir: "Bizim çoxumuz,
ali məktəb müəllimləri zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik.
İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”. İndi biz onun 100 illik yubileyini qeyd edirik. O,
fiziki cəhətdən aramızda olmasa da ruhən, mənən bizimlədir. 100 rəqəmi İsmayıl
Şıxlının özü kimi bütövlük rəmzidir. Ona rəhmət diləyərək deyirik: Şəxsiyyət nümunəsi ey böyük insan, Heyranıq vüqarına, kamilliyinə. Şəxsiyyətin nur saçır, yanan günəş tək, Heyranıq sənin gücünə, aliliyinə. Mirzəli MURQUZOV, professor 28 aprel 2019-cu il.
Facebook-da paylaş