Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli
Kitabxanasında ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas,
pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr
olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın
Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə "İsmayıl Şıxlı.
Biblioqrafiya” kitabının və "İsmayıl Şıxlı–100” elektron məlumat bazasının
təqdimatları olub. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov
bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii
fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur
"Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni
hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam
etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə
dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb. Bildirib ki, Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi "İsmayıl Şıxlı” biblioqrafik vəsaiti
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının
100 illiyinə həsr edilib. O, ədəbiyyatşünaslar, gənc tədqiqatçılar, ümumiyyətlə
geniş oxucu kütləsi üçün nəzərdə tutulan biblioqrafiyada ədibin həyat və
yaradıcılığını əks etdirən bütün nəşrlər – kitabları, dövri mətbuatda,
dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik
məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş
əsərləri, eyni zamanda İsmayıl Şıxlının dünya kitabxanalarında toplanan
əsərləri, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Fondunda mühafizə
olunan arxiv materiallarının da əhatə olunduğunu, bununla yanaşı İsmayıl
Şıxlının təkcə Azərbaycanda deyil, bütün dünyada yazıçının yaradıcılığı, onun
ədəbi irsi ilə maraqlananlar üçün "İsmayıl Şıxlı–100” elektron məlumat
bazasının hazırlandığını və Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya
yayımlandığını bildirib. Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını
ulu öndər Heydər Əliyevin hər zaman yüksək qiymətləndirdiyini bildirib. İsmayil
Şıxlı haqqında çox yazılıb çox deyilib, yaradıcılığı tədqiqata cəlb olunub,
dissertasiyalar yazılıb. Azərbaycandan kənarda məqalələri rus, gürcü, Belarus,
özbək, ingilis, fransız, ispan dillərinə çevrilərək çap olunub. İsmayıl Şıxlı
obrazı yazıçının obrazlarından daha canlı, mükəmməl və bədiidir. Akademik deyib ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan olsa da, daha çox
yadda qalan, sevilən qələm adamlarındandır. Onun ən mükəmməl əsəri onun
şəxsiyyətidir. Onun əsərləri artıq folklordur. Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə çıxış edərək böyük yazıçının
zəngin ədəbi fəaliyyəti ilə yanaşı, onun ictimai fəaliyyəti haqqında da geniş
söhbət açıb. Nəriman Həsənzadə bildirib ki, İsmayıl Şıxlının yaratdığı bütün
obrazlarda sanki öz şəklini çəkib, müxtəlif insani keyfiyyətlərini göstərib.
Onun yazılmamış əsərlərinin sonradan yazılacağını bildirib. Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək Milli Kitabxananın
kollektivinə və rəhbərliyinə İsmayıl Şıxlı haqqında belə fundamental
biblioqrafiyanın hazırlanıb, ərsəyə gəlməsindəki xidmətlərinə görə dərin
minnətdarlığını bildirib və bu kitabın onun ruhuna böyük ehtiram olduğunu
söyləyib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov
Azərbaycan ədəbiyyat mühitinin XX yüzillikdə yetirdiyi nəhəng şəxsiyyətlərindən
biri olan İsmayıl Şıxlının zəngin ədəbi fəaliyyəti ilə yanaşı, yazıçının
ictimai fəaliyyəti haqqında geniş söhbət açıb. O, heç kəsə bənzəməyən bir
müəllim olub və buna görə də bütün tələbələri onun diskussiyasından bəhrələnə
bilib. Onun yazılarında canlı bir həyat vardır. Çox istedadlı və ensiklopedik
qələmi olan bir yazıçı idi. Nədən yazıbsa onu mükəmməl bir şəkildə edib. B.Xəlilov İsmayıl Şıxlının pedaqoji fəaliyyətindən geniş danışaraq onun
müəllim kimi qeyri-adi bir şəxsiyyət olduğunu vurğulayıb. Əməkdar Elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək İsmayıl
Şıxlının görkəmli şəxsiyyət olduğunu, onun yazdığı əsərlərin bir tarixə
çevrildiyini bildirib. Daha sonra çıxış edənlər böyük yazıçı haqqında xoş xatirələrini bölüşərək
bildiriblər ki, Milli Kitabxananın hazırladığı elektron biblioqrafiya gələcək
tədqiqatçılar üçün əyani bir vəsaitdir. Yazıçının ailəsi adından oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri
Elçin Şıxlı çıxış edərək Azərbaycan Respublikası Prezidentinə, Milli
Kitabxananın kollektivinə və tədbir iştirakçılarına İsmayıl Şıxlı
yaradıcılığına verilən dəyərə görə öz təşəkkürünü bildirib. Sonda "İsmayıl Şıxlı–100” elektron məlumat bazası təqdim olunub.
Facebook-da paylaş