Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş film çəkiləcək
Respublika Prezidenti İlham
Əliyevin imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncama əsasən Xalq yazıçısı,
görkəmli nasir, tanınmış ədib və pedaqoq, ictimai xadim İsmayıl Şıxlının anadan
olmasının 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır. Bununla əlaqədar
Qazax rayonunda da silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Görkəmli yazıçının həyat və fəaliyyətini,
keçdiyi böyük yaradıcılıq yolunu işıqlandırmaq, onunla bağlı xatirələri geniş
tamaşaçı kütləsinə çatdırmaq məqsədilə film çəkilməsi qərara alınıb. Qazax Rayon
İcra Hakimiyyətinin dəstəyi ilə çəkiləcək sənədli film "Əbədiyyət heykəli”
adlanır. Filmin ssenarisi "Göyəzən” qəzetinin
baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınıb. Ssenaridə
İsmayıl Şıxlının mübarizələrlə dolu olan həyatına nəzər salınıb, görkəmli ədib
haqqında respublikamızın tanınmış elm və incəsənət xadimlərinin fikirlərinə
geniş yer verilib. Tanınmış şair və yazıçıların, ailə üzvlərinin, tələbələrinin
xatirələri ssenaridə öz əksini tapıb. Filmin quruluşçu rejissoru Qazax
Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubovdur. Filmə hazırlıq işləri artıq başa
çatmaq üzrədir. Yaxın günlərdə yaradıcı heyət filmin çəkilişinə başlayacaqdır.
Filmin çəkilişləri Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərində, Kür
çayının sahilində, Qazax Müəllimlər Seminariyasının binasında, Bakı şəhərində
aparılacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş