“Aprel döyüşləri” adlı kitab işıq üzü görüb » Göyəzən internet portalı


“Aprel döyüşləri” adlı kitab işıq üzü görüb

“Aprel döyüşləri” adlı kitab işıq üzü görüb
Azərbaycanın hərb tarixində şanlı qələbə ilə nəticələn bir çox döyüşlər, tarixi məqamlar olub. Zaman-zaman Azərbaycan dövlətinin gücünə, qüdrətinə, necə mübariz və mətin bir xalq olmasına hərb tarixi də şahidlik edib.

Azərbaycanın ən yeni tarixinə yazılan növbəti şanlı səhifələrdən biri də Aprel döyüşləridir. Bəli, 2016-cı ilin aprel ayında demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatçılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı oldu. Sevindirci hal isə odur ki, hamının aparıcı mövzusu, müzakirə yeri olan Aprel döyüşləri qələbə ilə, qalibiyyətlə nəticələndi. Qələbə qazanıldı, amma bu qələbənin əldə olunması üçün şəhidlər də verdik. O şəhidlər ki, onlar bizim həm qürur yerimiz, tariximiz, həm də qalibiyyətimizdir.

Aprel döyüşlərindən artıq 2 il keçir. Bu müddət ərzində bu şanlı tariximiz haqqında filmlər çəkilmiş, kitablar yazılmışdır. Hər kəs bir yolla Aprel döyüşlərinə və tarixi qələbəmizə öz töhfəsini vermişdir və bu proses davam etməkdədir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, tanınmış həmyerlimiz Güləmail Murad (İsayeva Güləmayıl Novruz qızı) da öz torpağını, yurdunu, Vətənini sevən, dəyər verən şairələrdəndir. Hər zaman öz şeirlərində Vətəni tərənnüm edən şairə-publisist kitablarında torpağa olan bağlılığını aydın şəkildə ifadə edib.

“Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun!”, “Balaca müdrik”, “Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”, “Bir damla yaş” adlı kitabların müəllifi olan Güləmail xanım Aprel döyüşlərinə də biganə qala bilməyib. Bir şairə kimi, ən əsası da öz torpağına bağlı olan insan kimi Aprel döyüşlərinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edən və Vətən uğrunda canlarından keçən igid oğulların xatirəsinə həsr olunmuş kitabı işıq üzü görüb. Elə kitabın adı da şanlı qəhrəmanlığımızı özündə əks etdirən “Aprel döyüşləri” adlanır.

Kitabın ilk səhifəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamının yer alması heç də təsadüfi deyil. Bəli, şairə tarixi qələbəmiz olan Aprel döyüşlərini cümhuriyyətimizin davamı kimi qiymətləndirir.

“Aprel döyüşləri qürur mənbəyimizdir” başlıqlı yazıda da bizə qəhrəmanlıqları ilə tarix yazan igid oğullarımızdan bəhs olunur.

“Yüksəkliyə aparan qəhrəmanlıq, yaxud da yüksəklik qəhrəmanları”, “Ölümü öldürən ölümlər”, “Aprel döyüşləri – I hissə”, “Qərb qapısı Qazax”, “Öz göz yaşımda boğulacam”, “Mənim oğlum bu gün də əsgərdi, mən həmişə əsgərəm” başlıqlı yazılarda Aprel döyüşlərində şəhid olmuş Vətən oğulları haqqında ailə üzvlərinin söylədikləri xatirələr, göstərdikləri qəhrəmanlıqlar əks olunub.

Xüsusilə də, Sabirabad rayonunun Muğangəncəli kəndindən olan, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev, Qazaxda böyüyüb boya-başa çatmış Fərəhli kəndindən olan kapitan Mühüd Orucov, Yuxarı Salahlıdan olan baş leytenant Elvin Namazov və Aslənbəyli kəndindən olan əsgər Orxan Əliyev haqqında ailə üzvlərinin ürəkdağlayan xatirələri yer alıb.

Kitabı vərəqlədikcə, qəhrəmanlıq dolu sözləri oxuduqca, həyata keçməyən və yarım qalan arzuları göz önünə gətirdikcə müəllifin hansı hisslər keçirdiyini düşünməmək mümkün deyil. Əminəm ki, hər bir oxucu Güləmail Muradın qələmindən süzülən bu kitabı ürək yanğısı ilə oxuyacaqdır. Çünki bu kitabda “Aprel döyüşləri” adlı qələbəni bizlərə bəxş edən igid oğulların həyat hekayələri var. Ata və anaların, oğul və qızların, ömür-gün yoldaşlarının fəryadı var. O fəryadı görmək və hiss etmək üçün müəllifin kitabı ən yaxşı vasitədir.

GOYEZEN.AZ


Facebook-da paylaş