Azərbaycanda Od çərşənbəsi qeyd olunur » Göyəzən internet portalı


Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Azərbaycanda Od çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.


Facebook-da paylaş