• Təqvim

  • Unutma

  • Maraq



Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


Qazax Rayon İcra Hakimiyyəti başçısının Hüseynbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında qeyd olunub ki, yola saldığmız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Kənan Hüseynli və kənd sakinləri iştirak ediblər.

Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.

Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndə Adil Nuruyev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyi Hüseynbəyli və Canalı kəndlərini əhatə edir. Kəndlərin birlikdə 1160 təsərrüfatı, 3347 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 2 bağça, 1 klub, 1 diyarşünaslıq evi, 2 kitabxana, 2 həkim məntəqəsi, 1 poçt şöbəsi fəaliyyət göstərir.

Rayonumuzda kənd təsərrüfatında olan iqtisadi inkişaf Hüseynbəyli və Canalı kəndlərində də özünü göstərmişdir. 2018-ci ilin məhsulu üçün kənd əhalisi 170 hektar sahədə payızlıq taxıl əkmişdir. Bundan 163 hektarı buğda, 7 hektarı isə arpadır. 7 hektarda dən üçün qarığdalı, 323 hektarda yonca, 83 hektarda üzüm, 20 hektarda tərəvəz, 20 hektarda kartof və s. kənd təsərrüfatı bitkiləri əkib becərmişlər. Bunun müqabilində isə 652 ton taxıl, 39 ton qarğıdalı dəni, 1050 ton quru ot, 463 ton tərəvəz və 380 ton kartof əldə edilmişdir.

2016-2018-ci illər ərzində Hüseynbəyli və Canalı kəndlərində 2700 ədəd tut tingi əkilmişdir və yüsək aqrotexniki qaydada becərilir.

Məhsul istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü gübrələrin böyük rolu vardır. 2015-ci ildə Qazax rayon Yuxarı Salahlı kəndində açılmış və kifayət qədər kənd təsərrüfatı texnikası ilə təmin olunmuş "Aqrolizinq” müəssisəsi onlarca kənd əhalisinə məxsus olan əkin torpaqlarını da əkib becərir. Müəssisə mineral gübrə, xəstəlik və zərərvericilərə qarşı zəhərli kimyəvi maddələrlə əhalini kifayət qədər təmin edir. Kanalların, arxların təmiri işlərinə, təmizlənməsinə və bu işlə əlaqədar qarşıya çıxan çətinliklərin həllinə Qazax rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və Hüseynbəyli SİB yaxından köməklik göstərmişdir. Kənd əhalisi 2019-cu  ilin  məhsulu üçün sentyabr–dekabr aylarında 165 hektarda payızlıq taxıl əkmişdir. İndiyə kimi, 165 hektarda suvarma aparılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarının və "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamın icrası ilə əlaqədar 2018-ci ildə 502 nəfər kənd sakininə ümumilikdə 34181 manat pul yardımı edilmiş, 111 nəfər sakinə isə 43 tona yaxın güzəştli yolla mineral gübrə satılmışdır. Belə yardımlar əkinçinin marağını artırır, yüksək məhsul istehsalı üçün zəmin yaradır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2018-ci təsərrüfat ilində vətəndaşların şəxsi istifadəsində olan 1090 baş iribuynuzlu mal-qara, 6083 baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Qazax rayon Baytarlıq İdarəsi tərəfindən mal-qaranın və davarların xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki müalicə tədbirləri aparılır. 2018-ci il ərzində epizodik müalicə tədbirləri planına uyğun olaraq 1090 baş mal-qarada və 6083 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan 42 başda manqo, 5835 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdir. Heyvandarlığın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalamaya üstünlük verilməlidir.


2018-ci fəaliyyət dövründə Hüseynbəyli kənd nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə  müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində vətəndaşlardan təsərrüfat məsələsinə aid 7 yazılı ərizə daxil olmuşdur. Vətəndaşları narahat edən və ya müxtəlif formada şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 23 nəfər olmuşdur. Şifahi qəbula gələnlərin şikayət və müraciətləri müxtəlif forma və məzmunda olmaqla onun 16-sı suvarma işi, içməli suya olan tələbatın ödənilməsi, ailə daxili münaqişələr, əmlak məsələləri, istismara yararsız və həyat üçün təhlükəli olan elektrik dirəklərinin dəyişdirilməsi və s. bu kimi məsələlərdən, qalan 7-si  isə maddi köməkdarlıq məqsədilə edilən müraciətlərdən ibarətdir. İstər daxil olan yazılı ərizələr, istərsə də şifahi şikayət və müraciətlər vaxtında nümayəndəlikdə və yaxud yerlərdə  gecikdirilmədən vətəndaşın özünün iştirakı ilə baxılaraq həll edilmişdir. 2018-ci ildə yuxarı icra orqanlarından, idarə, təşkilat və müəssisələrdən cəmi 13 məktub, sənəd, qərar və sərəncamlar daxil olmuşdur.

Hüseynbəyli kənd icra nümayəndəliyi tərəfindən isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə və vətəndaşlara il ərzində 928 müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir.

2018-ci ildə əhalinin suvarma suyuna olan tələbatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikalar cəlb edilmişdir. Bundan əlavə, Hüseynbəyli və Canalı kəndləri ərazisində böyük zibilxana təmizlənərək ərazidə səliqə-səhman yaradılmışdır. Kənd ictimaiyyətinin iştirakı ilə qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Ən əsası isə Hüseynbəyli və Canalı kəndlərində olan Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, imkansızların adları dini və milli bayramlarda yad edilmiş, onlara maddi yardım göstərilmişdir.

Hüseynbəyli kənd orta ümumtəhsil məktəbində 261 şargird təhsil alır. 33 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 12 nəfər məzundan 2 nəfəri orta ixtisas məktəbinə daxil olmuşdur. Canalı kənd orta ümumtəhsil məktəbində isə 241 şagird təhsil alır 32 nəfər müəllim təlim-tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 11 məzundan 3 nəfəri ali məktəbə, 4 məzun isə orta ixtisas məktəblərinə daxil olmuşdur.

Bir neçə il bundan əvvəl Hüseynbəyli kəndində fəaliyyət göstərən köhnə və müasir tələblərə cavab verməyən poçt və telefon stansiyası olan obyektlərimiz yenisi ilə əvəz edildi, müasir standartlara cavab verən texnologiya ilə təchiz edildi.

Kənd ağsaqqallarından Əsəd Mahmudov, Novruz Alcanov, Kərəm Nəbiyev, Rabit Kazımov, Musa Musayev, Canalı kənd tam orta məktəbin direktor əvəzi Pərviz Alməmmədov və başqaları çıxış edərək kənddə görülmüş işlərdən danışaraq Prezident İlham Əliyevə, Rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyin əsaslı təmirini, təsərrüfat arxlarının beton üzlüklərə alınmasını, kənddə olan uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını, qazılmış iki ədəd artezian quyusunun istifadəyə verilməsini, Hüseynbəyli kənd tam orta məktəbin istilik sisteminin yenilənməsini, kənd sakinlərinin istehsal etdiyi üzüm məhsulunun təhvil verilməsi üçün rayonda zavodun, yaxud da məhsulu saxlamaq üçün soyuducu anbarın inşasını təklif ediblər.


Qazax Rayon İcra Hakimyyəti başçısının müavini Tahir Musayev hesabat məruzəsində çıxış edərək rayon rəhbərliyinin başçılığı ilə Qazaxda həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Yola saldığımız 2018-ci ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən danışan müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini görülən işlərin bariz nümunəsi olduğunu bildirib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə yerləşən daha bir bağçanın - 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın, eləcə də Hüseynbəyli kəndində də bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.


Bildirib ki, son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın düzgün icra edilməsinin nəticəsidir ki, 2017-ci ildə 78, 2018-ci ildə isə daha 51 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparıldı. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikildi və ya əsaslı təmir olundu. Ümumiyyətlə, bu gün rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdəndir.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

2018-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev 2019-cu ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.





GOYEZEN.AZ



Facebook-da paylaş